“Köhnə standartlardan imtina edərək, Avropanın standartlarına keçid etməliyik.”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında yol infrastrukturunda həssas qrup üçün yaranan çətinlik və onlara yaradılmalı olan şərait barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.
Onun sözlərinə görə, Bakı şəhəri çox baryerlidir, yəni inklüziv deyil:
“Nəinki əlil, fiziki cəhətdən sağlam olan insanlara belə əlçatan deyil və burada ciddi işlər görülməlidir. İşləri görməmişdən öncə də biz standartlarımızı yeniləməliyik. Yəni, köhnə standartlardan imtina edərək, Avropanın standartlarına keçid etməliyik. Bu mənada qanunlarımızı da yeniləməlik. Hər yeni tikilən binalarda sıfırdan pilləsiz girişlər olmalıdır ki, insanlar heç bir kəsin köməyi olmadan rahat şəkildə hərəkət edə bilsinlər. Məhəllə girişləri səki səviyyəsinə qaldırılmalıdır ki, bu piyadaların üstünlüyünü təmin etsin və baryer olmadan əlavə çıxıb düşməyə ehtiyac qalmasın. Səki daşlarının hündürlüyü indiki halda çoxdur. Fiziki cəhətdən sağlam insan üçün belə çətinlik yaradır. Nəzərə alaq ki, əhalimizin 37 faizi az mobilli insandır. Uşaqlar, uşaqlı valideynlər, yaşlılar, əlillərdir. Əlilləri də qruplara bölmək olar. Gözdən əlillər, hərəkət məhdudluğu, autizmli olanlar, hərəkəti məhdud olub da müəyyən qurğularla hərəkət edən insanların hamısını nəzərə alaraq, insanın hərəkətinə maneə olacaq nə baryer varsa, onlar aradan qaldırılmalıdır”.
R.Ağamirzəyev qeyd edib ki, hazırda Bakı şəhərində elə bir küçə yoxdur ki, orada boya-boy gəzmək mümkün olsun:
“Çünki səki yoxdur, davamlı deyil və baryerlidir. Bu da bu qrup insanları narahat edir və bu şəhərdə həyat keyfiyyətinə, psixoloji, emosional vəziyyətə birbaşa təsir göstərir. Bu gün biz cəmiyyət olaraq fikirləşmələyik. Biz müharibədən çıxmış toplumuq. Bizim yetərincə əlil, qazi qardaşlarımız var. Biz onları küçələrdə görmürük. Niyə görmürük? Çünki onların evdən çıxmağı üçün şərait yoxdur. Düzdür, müsbət hal kimi nöqtəvi həllərimizi göstərə bilərik.
Ağşəhər tikilib, daha insanyönümlü sıfırdan girişlər, panduslar hər bir şey idealdır. Əgər bir yerdə alınıbsa bütün şəhərə, ölkəyə niyə bunu transformasiya edə bilməyək. Yaxud da digər nümunələr ola bilər ki, Dəmiryolu vağzalında yeni qatarlar alınıb, yeni liftlər quraşrılıb və daha inklüzivlik tətbiq olunub. Yeni alınan müasir avtobuslar aşağı gövdəlidir.
Metroda səsli elan var, amma liftlər yeni tikilən stansiyalardadır. Köhnələrdə xüsusi qurğu ilə aşağı salınır. Yaxşı olar ki, ümumiyyətlə heç kimin köməyi olmadan insanlar hərəkət edə bilsinlər. Həm piyada, həm də nəqliyyat vasitələri girişlərdə bu problemi yaşamasınlar. Almaniyanın Kassel şəhərində kassel səki daşları bardyorları qurulub. Bu da avtobusların daha yaxın və rahat yan alması üçündür. Müasir avtobuslar da aşağı gövdəli olduğundan heç pandusu salmağa gərək qalmır. Bu kompleks tədbirlər görülməlidir. Bu məsələnin ən önəmli tərəfi də bu məsələnin özünün maarifləndirməsidir. Yəni işi görən, yolu tikən, küçələri təmir edən qurumlar məsələnin ciddi bir problem olduğunu dərk etməlidirlər. Buna görə də ciddi maarifləndirmə işi aparılmalıdır”.
İsmayıl Bakuvi
www.yenicag.az