“Hüquq işləmirsə, qeyri formal davranışlarla cavab verilməlidir”
Millət vəkili Bəxtiyar Əliyev “Azərbaycan Ordusu hərbi əməliyyat keçirərək Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməlidir” çağırışı edib. Hazırki durumda müharibə çağırışı nə qədər aktualdır? Əsir düşən soydaşlarımızı geri almaq üçün başqa hansı yollar var?
Yenicag.az-a aqlamasında politoloq Natiq Miri sualımıza belə cavab verdi:
“Müharibə etmək üçün hər hansı bir bəhanəyə ehtiyac yoxdur. Çünki bunun üçün yetərli əsaslar mövcuddur. Azərbaycanın 20 faiz torpaqları i.ğal olunub və dövlətimiz torpaqları işğaldan qurtarmaq haqqını özündə saxlayır. Əgər 21 ildə bu proses baş verməyibsə, bunun indi olacağı ehtimalı da sıfıra bərabərdir. Çünki bunun üçün münbit geosiyasi mühit yoxdur. Regionda belə bir savaşın çıxmasını nə Rusiya, nə Qərb, nə də qonşu Türkiyə və İran istəmirlər. Belə bir vəziyyətdə isə savaşın başladılması Azərbaycan üçün baha başa gələ bilər. Ona görə də yeni bir savaşın başlaması real görünmür. Ancaq Azərbaycan oğullarının öz torpaqlarında girov götürülərək məhkəmədə ittiham edilməsi sıradan bir hadisə deyil və böyük mənada hüquq anlayışına tüpürməkdir. Təəssüf ki, bu hadisəyə demokratik dünya da susdu. Belə olan şəraitdə əgər hüquq işləmirsə, demək ki, qeyri formal davranışlarla cavab verilməlidir. Xüsusi xidmət orqanları daha çox çox erməni əsgər və vətəndaşlarını girov şəklində Azərbaycana gətirməli və Ermənistanı vətəndaşlarımızı buraxmağa vadar etməlidirlər. Bu proses o vaxta qədər davam etməlidir ki, dünyanın sağır qulağı girov qardaşlarımızın qohumlarının fəryad səsini eşitsinlər”.
Kamran/Yenicag.az