Dövlət və vətəndaş arasındakı münasibətlərə təsir edə biləcək əsas amillərdən biri də ictimai maraqlardır. İctimai-dövlət maraqlarının da prioritet sahə kimi ön planda saxlanmasının əsas səbəbi budur. Bu məsələ hər zaman öz aktuallığını qorumağı bacarır. Çünki ictimai maraq cəmiyyətin tərkibi sayılan istənilən təbəqənin münasibətini özündə əks etdirir. Hazırda bütün dünyada ictimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənib. Fərdi və qrup maraqlarının müzakirəsi və problemlərin həllini tapması hər bir cəmiyyətin inkişafı üçün vacib amillərdən sayılır.
Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu ilə bağlı Yenicag.az-la fikirlərini bölüşən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, vətəndaş cəmiyyəti Azərbaycanda aktiv fazadadır.
Onun sözlərinə görə, prezident İlham Əliyev dövlət orqanlarını daim vətəndaş cəmiyyətləri ilə birgə fəaliyyət göstərməyə çağırır:
“Bu baxımdan hüququn təkmilləşməsi üçün daim dövlət tərəfindən uğurlu addımlar atılır. Vətəndaş cəmiyyətinin isə hüquqi dövlətin yaranmasında təsiri böyükdür. Dövlət qurumları tərkibində yaradılan ictimai şuraların verdiyi təkliflər xüsusi əhəmiyyətə malikdir. Çünki verilən bu təkliflərdən bir sıra dövlət qurumları yararlanmağı bacarır.
Vətəndaş cəmiyyəti Azərbaycanda aktiv fazadadır. Dövlət orqanlarına müraciətlər ünvanlanır və təmaslar daim artırılır. Bəzən dövlətin qəbul etmək istədiyi qərarların qəbulunda vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasında dəyirmi masaların keçirilməsi, təkliflərin dəyərləndirilməsi istiqamətində də müəyyən addımlar atılır. Bu isə dövlətin vətəndaş cəmiyyəti ilə birgə fəaliyyətinin göstəricisidir.
Prezident İlham Əliyev vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı hər zaman öz fikirlərini bildirir, dövlət orqanlarını daim vətəndaş cəmiyyətləri ilə birgə fəaliyyət göstərməyə çağırır, hətta bəzi məlumatları vətəndaş cəmiyyəti vasitəsilə əldə etdiyini qeyd edir. Prezidentin qlobal məsələlərə vaxt ayırdığı bir zamanda hansısa dövlət orqanının vətəndaş cəmiyyəti ilə maraqlanmaması və problemin mediada işıqlandırılması məqsədəuyğun deyil. Çünki biz prezidenti işindən-gücündən ayırmış oluruq.
QHT-lərə maliyyə vəsaitinin ayrılması dövlətin vətəndaş cəmiyyyətlərinin inkişafında maraqlı olduğunu göstərir. Əgər vətəndaş cəmiyyətlərinin inkişafında bilavasitə dövlət başçısı özü maraqlıdırsa, demək, o ölkə daim inkişaf edəcək və hər zaman orada demokratiya və hüquq təmin olunacaq”.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Ramiz Alıyev isə bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətləri ilə dövlət orqanları arasında sıx münasibətlər var:
“Son zamanlar dövlət orqanlarında ictimai şuralar yaradılaraq vətəndaş cəmiyyəti üzvləri buraya cəlb edilir. Bunu təmin edən isə məhz prezident İlham Əliyevdir. O, dövlət orqanları ilə vətəndaş cəmiyyətlərinin daim sıx əməkdaşlıqda olmasınının vacibliyini dəfələrlə vurğulayıb. Vətəndaş cəmiyyəti bu gün dövlət orqanlarına dəstək göstərməklə dövlətin güclənməsinə xidmət edir. Vətəndaş cəmiyyətləri son dövrlər daha da təkmilləşib, daha da inkişaf edib. Hazırda isə bir sıra məsələləri həll etməklə məşğuldurlar. Bu isə özlüyündə çox yaxşı bir haldır.
Ancaq özünü vətəndaş cəmiyyəti adlandıran bir sıra nümayəndələr var ki, ölkəmizə və xalqımıza qarşı təxribat dolu tədbirlərdə aktiv iştirak edirlər. Bir sözlə, qəti olaraq yolverilməz addımlar atırlar. İstər KİV-lər, istər vətəndaş cəmiyyətləri, istərsə də dövlət orqanları olsun, hər birinin atacağı addımlar qanunla tənzimlənib. Hər bir qurum atdığı addımın məsuliyyətini dərk etməlidir.
Öncəki illərə baxdıqda vətəndaş cəmiyyətlərinin daha müstəqil olduğu nəzərə çarpır. Əvvəl bəzi məmurlar vətəndaş cəmiyyətlərindən öz xeyirlərinə yararlanmağa çalışırdılar. Bu isə vətəndaş cəmiyyətləri institutlarının imicinə böyük zərbə vururdu. Ancaq son dövrlər vətəndaş cəmiyyətlərinin təkmilləşmə və inkişaf etmə yolundakı addımlar dövlətimizin gələcəyi üçün uğurlu hesab olunur. Çünki onlar artıq işlərini məhz dövlətin gələcəyi və inkişafı istiqamətində qurublar. Bu yolda isə dövlət orqanları ilə birgə çiyin-çiyinə fəaliyyət göstərirlər”.
Nəsimi Ələsgərli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanmışdır.
www.yenicag.az