!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hüseyn Mehdiyev: “Mədəniyyət naziri də, ona məsləhət verən də kinodan uzaq adamdır” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Mədəniyyət ocaqları bazar iqtisadiyyatının yazılmış və yazılmamış sərt qanunları qarşısında acizdirlər”

Peşəkar Rejissorlar Gildiyasının rəhbəri, tanınmış kinorejissor Hüseyn Mehdiyev Yenicag.az-a müsahibəsində Azərbaycan kinosunun mövcud durumunu dəyərləndirib və bu sahədəki problemlərə işıq salıb.

– Söhbətimizin əvvəlində bir rejissor olaraq, kinonun indiki durumu ilə bağlı fikirlərinizi bilmək istərdik…

– Kinomuzun bugünkü durumu çox acınacaqlıdır… Heç bilmirəm, nədən başlayım, ki, Allaha xoş getsin. Elə bil bilərəkdən hər şey tərs istiqamətdə hərəkət edir. Təsəvvür edirsiniz, istedadlı sənətçilərimiz var, onların elə vaxtıdır ki, durmadan, gecə-gündüz yaratmalıdırlar, filmləri qızıl qiymətindədir. Amma onlara bu imkan verilmir.

– Onlara imkan verilməməsinin səbəbi nədir?

– Səbəb kinomuzda davamlı aparılan “islahat”lardır ki, bunun da bir sonu görünmür. Üç ilə yaxındır ki, ölkə prezidentinin fərmanına uyğun olaraq kino ictimaiyyəti, yəni kino sahəsinin peşəkarları Mədəniyyət Nazirliyi ilə birgə kinonun inkişaf konsepsiyası üzərində işləyib geniş müzakirələr apararaq vahid proqram qəbul ediblər. Bunun əsasında konsepsiyanı həyata keçirəcək qurum qismində Kino Agentliyi yaradılıb. Aydındır ki, konsepsiya və onu həyata keçirəcək bu qurum kino ictimaiyyətinin “yaradıcılıq fantaziyası” deyil, dünya, eləcə də yerli kinematoqrafiyanın geniş analizindən yararlanan, beynəlxalq təcrübəyə söykənən, ən əsası, ölkəmizin real iqtisadi, sosial durumundan çıxış edən fundamental təkliflər paketi idi.

Nə yaxşı ki bunlar ölkə prezidentinin fərmanları ilə təsdiq edildi və “axır ki hər şey həll olundu, artıq başlamaq olar” deyə hamı rahatlıqla nəfəs aldı. Amma… Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişdi. Yeni komanda gələndə, Kino Agentliyi dənizə çixmağa hazır olan gəmiyə bənzəyirdi, sadəcə, “lövbər”i qaldırmaq və “gəmi”ni dənizə buraxmaq lazım idi. Onu da vurğulayaq ki, yeni komanda üçün nazirlikdə kinodan başqa problemlər yetərincə idi… Amma “lövbər” qaldırılmadı və “gəmi” dənizə buraxılmadı… Bunun əvəzinə, hər şey aydın və şəffaf olan vəziyyətə dəyişdirilir. Ortalığa kinodan uzaq olan, kinonun təbiətini bilməyən “oyunçu”lar cəlb edilməklə, ara qarışdırılır, çaşqınlıq yaradılır və peşəkarlar bir-bir getməyə məcbur olurlar. Daha doğrusu, getməyə məcbur edilirlər. Nazirlikdəki yeni komanda peşəkarların qəbul etdiyi kinonun inkişaf konsepsiyasını kənara qoyaraq kinodan uzaq olan bir-iki boşboğazın nəzəri postulatlarını həyata keçirməyə başlayıb. Özlərini də elə aparırlar, elə bil, ortada olan kinomuzun taleyüklü məsələsi yox, nazirlikdə mebel dəyişdirmə işidir. Ən dəhşətlisi odur ki, mədəniyyət naziri də, ona məsləhət verən də kinodan uzaq adamdır. İndi görün, nə “kino” alınacaq…

– Bəs Kinoforumda aparılan müzakirələrin heç bir nəticəsi olmadı?

– Forum yaxşıdır, amma əgər o hansısa artıq verilmiş qərarlara demokratik don geydirmək üçün bir vasitə deyilsə… Kinoforumdan əvvəl nazir Adil Kərimlinin kino ictimaiyyəti ilə geniş tərkibdə ilk görüşü oldu və o, bu görüşdə kinomuzla bağlı ilk proqramını açıqladı: “Dövlət daha kino çəkməyəcək! Özəl sektoru inkişaf etdirmək lazımdır”. Başqa sözlə desək, özəl studiyaların, özəl sektorun axsamasını “Dövlətin kino çəkməsində” görən “kino biliciləri”miz naziri istiqamətləndiriblər və onlar da “çıxış yolunu” milli kinomuzun məbədi olan “Azərbaycanfilm”in çökdürülməsində görürlər. Gün kimi aydındır ki, özəl sektor bir bəhanə idi. Burada məqsəd yüzillik tarixi olan, milli kinomuzun yaradılmasında, formalaşmasında vacib rol oynayan, indi də bu funksiyanı yerinə yetirən kinostudiyamızı sıradan çıxarmaqdır. Kino sistemindən bir balaca başı çıxan bunu başa düşürdü. Axı məlumdur ki, kinostudiya anlayışı nə deməkdir, kino sənayesinin inkişafında onların rolu nədir və bunların mülkiyyət formasının əsas məsələyə heç bir dəxli yoxdur. Əlbəttə, əgər söhbət doğrudan da milli kino sənayemizin inkişafından gedirsə… Özəl sektorun inkişafına gəlincə, onlar yaxşı bilirlər ki, onun inkişafı üçün nə lazımdır… İlk addım – milli kinomuzun inkişafına ayrılan vəsaitin müsabiqəsindən həmin milli kinomuzun məbədi olan “Azərbaycanfilm”i uzaqlaşdırırlar. Yəni onun müsabiqədə iştirakına qadağa qoyurlar. Əsl “bazar iqtisadiyyatı”dır, elə deyilmi? Olmaz, vəssalam! Sonra, “yeni konsepsiyada, eləcə də yeni sistemdə Azərbaycan kinosunu təşkilatlandırmaq – prodüser məktəbinin, uyğun institutun tətbiqinə başlamaq” arzusunda olduqları bildirilir. Təsəvvür edin, bütün bunları bizə istehsalat, sənaye, sistem anlayışlarından uzaq olan yazar sənətçimiz Orxan Fikrətoğlunun dili ilə çatdırırlar. “Yeni konsepsiyada və yeni sistem”də kinomuzu quran nəzəriyyənin ideoloqu kimdir? Kinodan bixəbər olan “KVN”nin keçmiş rəhbəri, ümumi nəzəri terminləri ilə ətrafı çaşdırıb-titrədən, kinomuzu ekosistemin qurulması ilə “xilas” etmək istəyən kreativ-hüquqşunas Rəşad Əzizov! Bəlkə o sadəcə, ifaçıdır və kinomuzu məhvə aparan “qüvvələr” yenidən dirçəlib?

– Belə qəti fikirləriniz nədən yaranır?

– Sizcə, büdcə pulu ilə özəl sektoru inkişaf etdirmək olar? Bu qərarı verənlər görəsən maraqlanıblarmı ki, bəs 30 illik yeni tariximizdə kino sahəsində özəl sektor niyə inkişaf etməyib? “Azərbaycanfilm” mane olurdu? Yəqin maraqlanmayıblar… Maraqlansaydılar, onda bilərdilər ki, “Azərbaycanfilm”in özəl sektorun inkişafında ancaq müsbət rolu olub, cənablar qoy bilsinlər… Mən bir neçə dəfə demişəm ki, biznes strukturlarında kinomuzu, ümumiyyətlə, mədəniyyətimizi məhvə aparan qüvvələr var. Onlar vaxtaşırı şou-biznes nümayəndələrinin vasitəsilə “Azərbaycanfilm”ə və kinomuza ləkə atmaqla məşğuldurlar. “Onların çəkdiyi kino nədir”, “Heç bir xeyri olmayan filmlər çəkirlər”, “Filmləri çəkib polkaya qoyurlar” kimi əsassız iradlar bildirirlər. Mən onların kinomuzun taleyini, nəhayət əllərinə aldıqlarından şübhələnirəm. İndi də yavaş-yavaş arzularına çatmaq istəyirlər.

– Bildiyim qədər, “Azərbaycanfilm”in 100 illiyi ilə bağlı kino ictimayyətinin ölkə prezidetinə müraciəti də oldu…

– Bəli. Müraciətdə “Azərbaycanfilm” kinostudiyasına Milli status verilməsi təklif olunmuşdu. Mədəniyyət ocaqları bazar iqtisadiyyatının yazılmış və yazılmamış sərt qanunları qarşısında acizdirlər. Təcrübə göstərir ki, hətta aidiyyatı qanunların bir maddəsi belə, unikal mədəniyyət ocaqlarını məhvdən sığortalamır… Əfsuslar olsun ki, bizim müraciətimizdən hələ bir xəbər yoxdur. Təklifimizin prezidentə çatıb-çatmadığını bilmirik. Amma mən onu bilirəm və tam məsuliyyətlə deyirəm ki, “Azərbaycanfilm”i məhv etmək istəyən şəxslər milli kinomuzun məhvini arzulayanlardır. Bunu isə ancaq düşmənlər arzulaya bilər.

Cəvahir

COP29

www.yenicag.az

3720
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv