Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd edir.
Bu əlamətdar tarix Dayanıqlı İnkişaf Məqsədlərinin inkişaf etdirilməsinin, iqlim böhranı ilə mübarizənin, hamı üçün fürsətlərin genişləndirilməsi və ümid verilməsinin əhəmiyyətini xatırlamaq baxımından gözəl fürsətdir.
İndi hamı üçün sülhün, davamlı inkişafın, insan hüquqlarının təmin olunmasına kömək etmək naminə həmrəyliyin və ortaq həll yollarının tapılmasının vaxtıdır.
Bu əlamətdar günü qeyd edərkən, gəlin Azərbaycan xalqı və bütün dünya xalqları üçün daha da yaxşı gələcək naminə səylərimizi artıraq.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
Müstəqilliyin elan edilməsinin və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümü münasibətilə Polşa Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə, eləcə də bütün Azərbaycan vətəndaşlarına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Polşa ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinə, eləcə də ümumi qəhrəmanlarımızın – general Maçey Sulkeviç və polkovnik Vəli bəy Yadigarın tarixi irsinə istinad edərək Sizi əmin etmək istərdim ki, Polşa həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatların forumlarında, həm də Avropa İttifaqı çərçivəsində qardaş xalqlarımız üçün faydalı əməkdaşlığın bütün sahələrini əhatə edən əlaqələrimizin daha da inkişafına daim sadiqdir.
Azərbaycan Respublikası bizim üçün Cənubi Qafqaz regionunda mühüm tərəfdaşdır. 2017-ci ildə Varşavaya səfəriniz zamanı imzalanmış Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır. Polşa iqtisadi əməkdaşlığımızın daha da inkişaf etdirilməsində və ölkələrimizin daim artan iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıdır.
Dərin hörmətlə”.
***
Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.
Şadam ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər uzunmüddətli dostluq xarakteri daşıyır və ümumi maraqların yeni sahələrinə doğru genişlənir. Əminəm ki, qarşılıqlı əməkdaşlığımız ölkələrimizin vətəndaşlarının rifahı naminə bundan sonra da inkişaf edəcəkdir. Bizim əsas dəyərlərimiz demokratiya, qanunun aliliyi, insan hüquqları və çoxtərəflilik, eləcə də davamlı gələcək naminə sabitlik, firavanlıq və həmrəylikdir.
Hörmətli cənab Prezident, Sizə, həmçinin bütün Azərbaycan vətəndaşlarına möhkəm cansağlığı, əmin-amanlıq, sabitlik, firavanlıq və uğurlu inkişaf arzulayıram”.
www.yenicag.az