!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin Şavkat Mirziyoyevlə görüşdü - YENİLƏNDİ/FOTO

!Reklam – Yazi

İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.

Yenicag.az xəbər verir ki, Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.

Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.

Özbəkistanın və Azərbaycanın dövlət başçıları mərasimdə çıxış etdilər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin
çıxışı

 

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli nümayəndə heyətinin üzvləri.

Xanımlar və cənablar.

Bu gün biz bərəkətli Özbəkistan torpağında əziz qonağımız, Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi salamlayırıq. Dərin rəmzi məna daşıyır ki, Sizin dövlət səfəriniz Azərbaycan xalqının ümummilli lideri, Özbəkistanın böyük dostu, hörmətli Heydər Əlirza oğlu Əliyevin şərəfinə onun adını daşıyan küçənin və burada qoyulmuş barelyefin təntənəli açılış mərasimi ilə başlayır.

Biz hamımız tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi yaxşı tanıyırıq. O, bütün həyatını doğma Azərbaycana həsr edib. Ölkə üçün ən ağır illərdə onun taleyinə görə çox böyük məsuliyyəti cəsarətlə öz üzərinə götürüb, müasir dövlətçiliyin əsaslarını yaradıb, Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib. O, həqiqətən müstəqil Azərbaycanın memarı idi. Onun qətiyyəti və siyasi iradəsi, zəngin rəhbərlik təcrübəsi və müstəsna liderlik keyfiyyətləri gənc, müstəqil dövləti xilas etdi. Dərin məna daşıyan faktdır ki, iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. Məhz həmin gün Heydər Əliyev ölkə rəhbərliyinə qayıdıb və Azərbaycan Ali Sovetinin sədri seçilib.

Fikrimcə, bizim ölkələrimizin müstəqilliyini bərpa etməsi ərəfəsində onların tarixinin çətin səhifələrini xatırlamaq burada yerinə düşər. Xalqlarımız çətin, bəzən faciəli dövrlər yaşamalı olub. Bununla belə, həm özbək, həm də Azərbaycan xalqları öz mənəvi dəyərlərini, milli qürur və mənliyini qoruyub saxlayıb, öz gələcəklərini özlərinin qurması hüququnu saxlayıblar. Çoxdan gözlənilən azadlığa doğru keçdiyimiz keşməkeşli yolu qiymətləndirərək inamla demək olar ki, xalqlarımızın müstəqilliyi və suverenliyi bizə baha başa gəlib. Azadlığın qiyməti həmişə nəsillərin taleyi, həyatı, onların inamı və vicdanı olub. Əldə edilmiş milli müstəqilliyi bu gün də layiqincə qiymətləndirmək, onu hərtərəfli möhkəmləndirmək və sonrakı nəsillərə çatdırmaq bizim müqəddəs borcumuzdur. Bu gün biz tarixin dərslərini nəzərə almaqla Heydər Əlirza oğlu Əliyevin nadir şəxsiyyətinə bir daha dərin ehtiramımızı bildiririk. Bir an və əbədiyyət öz aralarında ayrılmaz şəkildə bağlı olduğu kimi, Heydər Əliyevi də Azərbaycan xalqının tarixindən və onun həyatından ayırmaq olmaz.

Heydər Əliyev böyük Səməd Vurğunun ölməz misralarını tez-tez təkrarlayardı: “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!”. Buna görə də Heydər Əliyevin adı və obrazı bütün dünyada Azərbaycan xalqına xas olan bütün xeyirxah və nəcib keyfiyyətlərin rəmzi kimi qəbul edilir.

Ölkə həyatının ən dramatik dövründə Prezident seçilmiş Heydər Əliyev sülhə və sabitliyə, vətəndaş həmrəyliyinə nail oldu, bir çox onillik irəlicədən müasir Azərbaycanın inkişaf vektorunun əsasını qoydu, iqtisadiyyatı, elmi, təhsili əsaslı şəkildə irəlilədə bildi, milli dəyərlərin dirçəldilməsinə, Azərbaycan xalqının tolerantlıq ənənələrinin möhkəmlənməsinə şərait yaratdı. Nisbətən qısa müddətdə ölkədə yeni sahələr yaradıldı, onlarca iri zavod və fabrik tikildi, yüzlərlə məktəb, kitabxana, mədəniyyət sarayı və muzeylər açıldı. Azərbaycan sürətlə inkişaf etməyə başladı, demokratik hüquqi dövlət quruculuğu yoluna qədəm qoyaraq beynəlxalq arenada layiqli yer tutdu, yüksək nüfuz və hörmət qazandı.

Heydər Əliyev əsl vətənpərvər idi. Onun adının özü rəmzi məna daşıyır. Məlum olduğu kimi, Heydər “bələdçi” deməkdir. O, həqiqətən öz xalqının bələdçisi, lideri idi. O, öz fəaliyyətində böyük şair və mütəfəkkir Nizami Gəncəvinin müdrik sözlərinə istinad edərək həmişə deyirdi: “Doğma torpağa sevgini özümə borc bilirəm”. Bu, onun həyatının mənası idi. Onun ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi. Azərbaycan Prezidenti hörmətli İlham Heydər oğlu Əliyev tarixi ədaləti bərpa edərək bu arzunu uğurla həyata keçirdi.

Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edirəm.

Heydər Əliyevin fəaliyyətini, onun sanballı şəxsiyyətini və böyük irsini dünyanın müxtəlif ölkələrinin görkəmli siyasətçiləri və ictimai xadimləri yüksək qiymətləndirirlər.

Hörmətli mərasim iştirakçıları, bizim ölkələrimiz arasında dostluq münasibətlərinin, iki xalqın tarixi əlaqələrinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük töhfəsini xüsusi qeyd etmək istərdim. Onunla Özbəkistanın rəhbərləri Şərəf Rəşidoviç Rəşidov, daha sonra İslam Abduqəniyeviç Kərimov arasında etimada əsaslanan səmimi münasibətlər yaranmışdı. Bizim liderlər arasında dostluq iki ölkənin və iki qardaş xalqın sıx qarşılıqlı əlaqə saxlamasına, fəal mübadilələri, o cümlədən humanitar mübadilələri inkişaf etdirməsinə imkan verib. Azərbaycan xalqının Ümummilli Lideri özbək xalqına həmişə böyük hörmətlə yanaşırdı. Hərtərəfli savadlı və əsl ziyalı insan olan Heydər Əliyev bizim tariximizə, mədəniyyətimizə və ənənələrimizə səmimi heyranlığını bildirirdi. Məsələn, 1996-cı ildə Daşkənddə olarkən, Heydər Əliyev Teymurilər Tarixi Muzeyini ziyarət edərək Fəxri qonaqlar kitabında yazdığı qeyddə xüsusi olaraq vurğulamışdı: “Əmir Teymurun xidmətlərinə, onun tarixi irsinə qayğıkeş, hörmətli münasibətə görə Özbəkistan xalqı çox sağ olsun”. Bu, yüksək mənəviyyat və müdriklik təzahürüdür.

Son illərdə bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb, konkret məzmun kəsb edib. Hörmətli İlham Heydər oğlu, Sizə, xüsusən ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli möhkəmlənməsinə şəxsi diqqətinizə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, Sizin dövlət səfəriniz qarşılıqlı faydalı əlaqələrimizin daha da inkişafına yeni güclü təkan verəcək.

Əziz dostlar, bu gün Azərbaycanın Ümummilli Liderinin xoş adını xatırlayaraq, böyük özbək şairi Həmid Alimcanın sözlərini sitat gətirmək istəyirəm: “İnsanın xatirəsi yaşadıqca, o da yaşayır”. Əminəm ki, bu sözlər həm Özbəkistanda, həm də Azərbaycanda qəbul edilir. Əminəm ki, dahi insana və vətənpərvərə, qurucu şəxsiyyətə, bu gün həm Azərbaycanda, həm də Özbəkistanda gənclərin örnək hesab etdiyi Heydər Əlirza oğlu Əliyevə həsr edilmiş bu memorial kompleks ölkələrimizin və xalqlarımızın sarsılmaz dostluğunun parlaq simvolu olacaq, bizim doğma Özbəkistanın sakinləri və qonaqları üçün ziyarətgaha çevriləcək. Bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. Biz bu səfərə çoxdan hazırlaşırdıq. Obyektiv səbəblər olub, pandemiya olub. Demək istəyirəm ki, İlham Heydər oğlu pandemiyadan sonra ilk rəsmi səfərini məhz Özbəkistana edir. Bu, çox rəmzi məna daşıyır. Bir daha demək istəyirəm: “Özbəkistana xoş gəlmisiniz”.

Bu gün Özbəkistanın bütün sakinləri, bütün xalq Sizi gözləyir. Fikrimcə, bu səfər həqiqətən tarixi səfər olacaq. Əlbəttə, bu gün biz hər şey haqqında söhbət edəcəyik. Bu, bizim qarşılıqlı münasibətlərimizə böyük təkan verəcək və gələcəkdə biz öz münasibətlərimizi tamamilə başqa səviyyəyə çatdıracağıq, ona görə ki, biz buna çoxdan hazırlaşırdıq. Cənab Prezident, Özbəkistana xoş gəlmisiniz.

İndi isə sözü məmnuniyyətlə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə verirəm.

           Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

-Hörmətli Şavkat Miromonoviç.

Əziz dostlar.

İlk növbədə, qardaş Özbəkistana səfərə dəvətə görə Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirmək istərdim. Şavkat Miromonoviçin qeyd etdiyi kimi, pandemiya ilə əlaqədar mən özümün bütün rəsmi səfərlərimi dayandırdım, iki ildən artıq müddətdə rəsmi səfərlər etmədim. Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra mən ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm. Bu, bizim münasibətlərimizin təzahürü, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.

Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, çox təşəkkür edirik və bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik. Bu, həm də Heydər Əliyevin bütün həyatını həsr etdiyi bütün Azərbaycan xalqına hörmətdir. Mən atam haqqında səmimi sözlərinə görə Şavkat Miromonoviçə çox təşəkkür edirəm. O, bizim Liderimizi çox sanballı və dəqiq səciyyələndirdi. Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib. Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub. Ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda o, həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Bu, böyük siyasi əzmkarlıq tələb edirdi. Ona görə ki, o vaxt Sovet İttifaqının tarixə qovuşacağına hələ nə qədər qaldığı məlum deyildi. O, bunu etdi. Ən çətin dövrdə, Naxçıvan Muxtar Respublikası təcavüzə məruz qalanda da o, öz xalqının yanında idi. Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən əslində o, Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Yenə onun təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilib.

Vətəndaş müharibəsi dövründə xalqın iradəsi ilə məhz Heydər Əliyev 1993-cü ildə vətəndaş müharibəsini dayandırdı və ölkəmizi inkişaf yoluna çıxartdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf – bütün bunlar onun adı ilə bağlıdır və biz fəxr edirik ki, onun işini davam etdiririk. Vəfatından bir qədər əvvəl öz siyasi vəsiyyətində Azərbaycan xalqına müraciətlə demişdi: “Mənim edə bilmədiklərimi mənim davamçılarım edəcəklər”. Biz, onun davamçıları fəxr edirik ki, onun bütün vəsiyyətlərini həyata keçirmişik və ilk növbədə, tarixi ədaləti bərpa etmişik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişik.

Şavkat Miromonoviçin düzgün olaraq qeyd etdiyi kimi, Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun oğlu kimi, canlı şahid kimi təsdiq edə bilərəm ki, 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Şavkat Miromonoviç ilə biz də bu şanlı estafeti davam etdiririk. Biz xalqlarımızı inkişaf yolu ilə və sıx qarşılıqlı fəaliyyət yolu ilə aparırıq.

Mənim bugünkü dövlət səfərim təkcə bizim niyyətlərimizin təsdiqi deyil, həm də qardaşlıq, dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir. Özbəkistanda Heydər Əliyevin özbək xalqına, Özbəkistana münasibətini çox yaxşı bilirlər. Bu gün biz mənim qardaşım Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə çox şadıq. Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Biz bütün bunları görürük və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinirik.

Mən Heydər Əliyevin xatirəsinə belə yüksək münasibətə görə bütün Azərbaycan xalqı adından bir daha, ilk növbədə, Özbəkistan Prezidentinə, qardaş özbək xalqına təşəkkürümü bildirmək istərdim. Biz Azərbaycanda bunu yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq. Bu, Özbəkistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə daha bir töhfədir. Yaşasın Özbəkistan və Azərbaycan birliyi, qardaşlığı!

x x x

Sonra Özbəkistanın İstedadlı gənclərə dəstək üzrə Uluqbəy adına Respublika Fondunun rəhbəri, akademik Akil Səlimov, Daşkəndin Mirabad rayonunun Temiryolçilar məhəllə komitəsinin sədri Mehriban Rəhimova, Özbəkistan Yazıçılar Birliyinin üzvü, əslən Şuşadan olan Əli Nəzərli çıxış etdilər.

Dövlət başçıları memorial kompleksin açılışını etdilər.

Daha sonra Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev memorial kompleksin önünə gül dəstələri qoydular.

 

*** 15:20

 

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə məhdud tərkibdə görüşü olub.

Yenicag.az xəbər verir ki, dövlət başçıları əvvəlcə birgə foto çəkdiriblər.

COP29

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv