İlham Rəhimovun yeni kitabı Azərbaycan dilində
Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun yeni çapdan çıxmış “Filosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) adlı növbəti kitabı Azərbaycan dilinə tərcümə edilib. Kitab Azərbaycan dilində Bakı şəhərində, “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çap edilib.
Nəfis şəkildə nəşr olunmuş kitabda cinayət hüququnun cinayət və cəza ilə bağlı olan başlıca problemləri tədqiq edilmiş, cinayətin mənbəyi, cəzanın mahiyyəti, cinayətkarlığın, cəzalandırmanın gələcək məsələləri haqqında geniş şərh verimişdir. Kitab hüquq üzrə ali məktəblərin tələbələri, magistr və doktorantları, müəllimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər və praktiki fəaliyyətlə məşğul olan mütəxəssislər, eləcə də, filosoflar, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizə problemi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabı daha sanballı edən və dəyərini artıran cəhətlərdən biri də müqəddəs kitabımız olan Qurani-Kərimdəki İlahi kəlamlardan bacarıqla istifadə edilməsidir. Kitabın elmi redaktoru Azərbaycan Elmlər Akademiyasının şöbə müdiri, Rusiya Federasiyası Avrasiya İnzibati Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Sakit Hüseynovdur.