ABŞ prezidenti Donald Trampın öz sələflərindən heç birinin düşmədiyi vəziyyətlə üzləşməsi onun karyerasını və siyasi aqibətini ciddi sual altına alıb.
1991-ci ildə SSRİ-nin süqutundan sonra dünyanın yeganə fövqəldövləti statusuna sahiblənmiş ABŞ müstəqillik tarixinin qeyri-müəyyən dövrlərindən birini yaşamaqdadır. Bunun səbəbi isə nə iqtisadi böhran, nə daxili sosial gərginlik, nə də Birləşmiş Ştatların beynəlxalq vəziyyətinin pisləşməsidir.
“Bəhs olunan qeyri-müəyyənlik nədən başladı?” sualının cavabı isə o qədər də çətin deyil. Milyarder Donald Trampın siyasi iddia göstərərək, prezidentliyə namizədliyini irəli sürməsi və bu mübarizədə qalib gəlməsi dünyanın aydın səmasında çaxan şimşək effektini verdi.
Seçki kampaniyasının gedişində keçirilən rəy sorğularında milyarder rəqibini üstələyən demokratların namizədi Hillari Klintonun qələbəsi həll olunmuş məsələ sayılsa da, nəticə bu proqnozlarla üst-üstə düşmədi. Yekun etibarilə, ABŞ-da yeni – Tramp dönəmi başladı.
Bundan sonra maraq doğuran əsas məsələ uğurli iş adamının prezident vəzifəsində nə qədər effektli olacağı idi. Trampın bu il yanvarın 20-də and içərək, səlahiyyətlərinin icrasına başlaması diqqəti onun seçkiqabağı vədlərinin ən əsasına – Rusiya ilə münasibətləri necə nizamlayacağına yönəldi.
Kremlin seçki kampaniyasında Trampa dəstəyini açıq şəkildə bəyan etməsi, hətta Rusiya kəşfiyyatının respublikaçı namizədin qələbəsi üçün səfərbər olmasına dair xəbərlər bu məqamın əhəmiyyətini xeyli artırırdı.
Əslində, Trampın seçki kampaniyasının gedişində Rusiyaya yönələn müsbət jestləri milyarderə qarşı müəyyən reaksiya doğurmuşdu. Bununla belə, bir çox analitiklər inandırmağa çalışırdılar ki, ABŞ dövlət idarəetmə sistemi Trampa milli maraqlardan kənara çıxmağa imkan verməz.
Tramp da prezident statusunda bir neçə dəfə “partizanlığa” cəhd elədi. Ancaq Amerika “dərin dövləti” yeni prezidentə bəzi mətləbləri anlatdıqdan sonra Trampın ümumi dövlət siyasətinə tabe olmaqdan başqa yolu qalmadı. Onun bir neçə dəfə Rusiya əleyhinə kəskin bəyanatlar səsləndirməsi də bu “izahetmə işləri”nin nəticəsi hesab olunur.
Ancaq deyəsən, “qozbel”i həqiqətən də “qəbir” düzəldər. Tramp Konqresdə qəbul edilmiş Rusiya əleyhinə sanksiyaların növbəti zərfini təsdiqləsə də, özünün Rusiya sevgisindən imtina etməyəcəyini digər davranışları ilə göstərdi. O, son açıqlamasında da Rusiya ilə “dil tapmağın” vacibliyini dilə gətirib.
ABŞ prezidentinin vəziyyətini gərginləşdirən digər vacib məqam Trampın seçki qərargahının Rusiya kəşfiyyatı, həmçinin rus diplomatları ilə şübhəli əlaqələrinin olduğunu təsdiqləyən məlumatların mediaya sızdırılması oldu.
Fəaliyyətinin ilk günlərindən mətbuatın ciddi hücumlarına məruz qalan Trampın CNN kimi media nəhəngini özünün düşməni elan etməsi ictimai rəyə təsirsiz ötüşmədi. O baxımdan, əminliklə demək olar ki, Trampdan əvvəlki prezidentlərdən heç birinin media ilə münasibətləri bu qədər gərgin olmayıb.
Əlbəttə, mətbuatın üzdə, CİA-nin isə pərdə arxasında apardığı kampaniya Trampın onsuz da yekcins olmayan komandasında ciddi çatlar yaratdı. Fevralın 14-də – yəni Trampın andiçməsindən heç bir ay ötməmiş prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn istefa vermək məcburiyyətində qaldı. Keçmiş müşavir Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakovla məxfi müzakirələrinin qurbanı oldu. Flinnə qarşı hüquq müstəvisində təhqiqatın hələ də davam etdirilməsi Trampa yeni sürprizlər vəd edir.
Flinnin açdığı istefa cığırına isə növbə ilə Trampın seçki qərargahının rəhbəri Pol Manafort, Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komi, Ağ Evin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mayk Dubke, ABŞ-ın Çindəki müvəqqəti işlər vəkili Devid Renk, Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser, Trampın strateji məsələlər üzrə müşaviri Stiv Bennon, son olaraq isə prezidentin qanunvericiliyin tənzimlənməsi üzrə xüsusi müşaviri Karl Aykin çıxdılar. Bu arada isə ABŞ dövlət katibi Reks Tillersonun istefa ərəfəsində olduğuna dair xəbərlər tükənmək bilmir.
Yəni indiyə kimi ABŞ-ın heç bir prezidenti hakimiyyətinin ilk aylarında belə zərbəyə məruz qalmayıb. Bunun da əsas səbəbləri yuxarıda göstərilib. Tam açıq deyilsə, Trampın kürsüsü hələ aşmasa da, möhkəm laxlayır.
Prezidentin vəzifəsindən uzaqlaşdırılması üçün başlanan hərəkətlənmə isə Trampın vəziyyətini daha da çətinləşdirib. Demokratlar Partiyasından olan konqresmenlər Bred Şerman ilə El Qrin 2016-cı ildə Rusiyanın seçki prosesinə müdaxiləsinin araşdırılmasına imkan verməməsi ittihamı ilə iyulun 22-də Trampa qarşı impiçment təşəbbüsü ilə çıxış ediblər. İndi təkcə Amerika deyil, bütün dünya bu prosesin necə nəticələnəcəyini maraqla gözləyir. İstənilən hallarda isə nəticədən asılı olmayaraq, bu prosesin Tramp üçün çox ağrılı keçəcəyi şübhə doğurmur.
Prezidentlərin kabusu: İmpiçment
İmpiçment – vəzifəli şəxsin postundan kənarlaşdırılması və məsuliyyətə cəlb edilməsini nəzərdə tutan prosedurdur. İmpiçment mexanizmi ilk dəfə XIV əsrdə İngiltərədə yaradılıb və əsasən, indiki mənada məhkəmə məsuliyyətindən azad olan oliqarx-məmurlara, o cümlədən kral müşavirlərinə qarşı yönəlib.
ABŞ müstəqillik qazandıqdan sonra ölkə Konstitusiyasını hazırlayan siyasətçilər prezidentin öz diktaturasını yaratmasına imkan verməmək üçün Əsas qanuna impiçment ideyasını daxil ediblər. Bu prosedur ABŞ-ın yüksək vəzifəli şəxslərinə – federal hakimlərə, Ali məhkəmənin hakimlərinə, qubernatorlara, nazirlərə, vitse-prezident və prezidentlərə şamil oluna bilər.
ABŞ Konstitusiyasına əsasən, impiçmentə dövlətə xəyanət (ABŞ-a qarşı müharibəyə başlamaq və ölkənin düşmənləri ilə birləşmək, onlara yardım göstərmək), edən, rüşvətxorluq və digər ciddi cinayətlərə yol vermiş yüksək məmurlar cəlb oluna bilərlər.
Bununla belə, Konstitusiyada “ciddi cinayətlər və qanun pozuntuları” konkretləşdirilməyib. İmpiçment isə hakimiyyətdən sui-istifadə hallarında, o cümlədən prezidentin etimadına zərbə vurulduğu təqdirdə tətbiq edilir.
ABŞ tarixində son 2 əsrdə 3 prezidentə – Endryu Concon, Riçard Nikson və Bill Klintona qarşı Nümayəndələr Palatasında impiçment proseduru başladılıb.
1868-ci ildə Endryu Consonu vəzifə səlahiyyətlərini aşmaqda günahlandıraraq, prezidenti vəzifəsindən vaxtından əvvəl uzaqlaşdırmağa cəhd göstərildi. Ancaq Senatda keçirilmiş səsvermədə tələb olunan 2/3 səs çoxluğunun təmin olunmaması, Consonu xilas edib.
1974-cü ildə isə prezident Riçard Nikson eyni aqibətlə üzləşib. Həmin ildə Nümayəndələr Palatasının Hüquq Komitəsi “Uotergeyt” otelində demokratları dinlətməsi səbəbi ilə Niksona qarşı impiçment proseduruna başlayıb. Bundan başqa, prezident həm də ədalət məhkəməsinə mane olmaqda, hakimiyyətdən sui-istifadədə və Konqresə hörmətsizlikdə ittiham olunub. Vəziyyətin ciddiliyini görən Nikson Konqresdə müvafiq dinləmələrin keçirilməsini gözləmədən istefa verib.
1998-ci ildə isə Nümayəndələr Palatası prezident Bill Klintona qarşı impiçment prosedurlarına start verib. Onu məhkəməyə yalan ifadə verməkdə və məhkəmənin işinə mane olmaqda, Ağ Evin əməkdaşı Monika Levinski ilə seksual əlaqədə ittiham edirdilər. Lakin Senatda keçirilən səsvermə zamanı Klintonu vəzifəsindən kənarlaşdırmaq üçün tələb olunan qədər səs toplanmayıb.
Trampı nə gözləyir?
ABŞ prezidentinə qarşı təzyiqlərin güclənməsinə baxmayaraq, Nümayəndələr Palatasının Tramp əleyhinə impiçment proseduruna başlayacağı ehtimalı aşağıdır. Hər halda, Konqresin hər iki palatasında say üstünlüyünün respublikaçılarda olması belə deməyə əsas verir: Nümayəndələr Palatasında 238 – 193, Senatda isə 52 – 46.
Hətta partiyadaşlarının əksəriyyəti Trampın fəaliyyətindən narazı olsa da, onlar prezidentə qarşı impiçmentə səs verməyəcəklər. Çünki bu, partiyanın iflası demək olacaq.
Eyni zamanda, Konqresdəki demokratların da bir nəfər kimi Trampa qarşı impiçment proseduruna başlanılmasına səs verəcəkləri inandırıcı deyil. Bir çox demokratlar Trampla mübarizə fonunda təhsil və səhiyyə kimi vacib məsələlərin arxa plana keçməsindən çox narazıdırlar.
Ancaq şər deməsən, xeyir gəlməz. Əgər iş impiçmentə gəlib çıxsa və Senat Trampın əleyhinə qərar versə, o, vəzifəsi ilə vidalaşmalı olacaq. Daha acınacaqlısı isə budur ki, postunu impiçment nəticəsində itirəcək Trampa növbəti seçkilərdə iştirak qadağan olunacaq. Bu halda növbəti seçkilərin keçiriləcəyi 2020-ci ilə qədər prezidentin səlahiyyətlərini indiki vitse-prezident Mayk Pens həyata keçirəcək. Əlbəttə ki, o da postunu tərk etməsə…
Yeri gəlmişkən, Trampın öz fəaliyyətində ingilis “dərin dövləti”nin maraqlarını təmsil etməsi isə başqa söhbətin mövzusudur.
A.Zeynalov
Yenicag.az
www.yenicag.az