İmtahandan “kəsilməy”i övladına QAXINC EDƏNLƏR: “Basqı ilə qarşılaşan uşaqlar...”

media-hightechnic-468x90

Artıq ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb. Hər il aşağı bal toplayan abituriyentlər valideynləri tərəfindən aqressiyaya məruz qalır. “Hazırlığına bir ətək pul tökmüşəm”, “müəllimlərə verdiyim pullar batdı”, “özünü doğrultmadın”, “heyf, sənə çəkdiyim əziyyətə”, “qonşunun qızı qədər də olmadın”, “fərsiz, filankəsin oğlu səndən fərasətli çıxdı”, və s. qınağı ilə qarşılaşan yeniyetmələr depressiyaya düşür, hətta intihara əl atırlar.

Bəs yaxşı, valideynlər belə olan halda övladları ilə necə davranmalı, hansı həssaslığı sərgiləməlidirlər ki, sonradan peşmanlıq hissi yaşamasınlar?

Mövzunu Yenicag.az-a şərh edən psixoloq Ülviyyə Murtuzova valideynin övladına qarşı təpkisinin onu ağır psixoloji duruma saldığını deyib və belə həssas məqamlarda onları uşaqları ilə nəzakətlə davranmağa səsləyib:

“Əslində, övladlarımıza qarşı təpki onları çıxılmaz duruma salır. Onun beynində sual yaranır: istənilən nəticəni əldə etmədiyim təqdirdə valideynimin mənə reaksiyası necə olacaq? Yaxud da, onların gözləntisini doğrultmasam, ümumiyyətlə, mənə dedikləri bu sözlər nə dərəcədə real olacaq? “Nəticə toplamasan, evə gəlmə”, “özünü öldürsən, bundan yaxşıdır” və s. Təbii ki, heç bir valideyn bunu həqiqi mənada demir. Amma məcazi mənada işlədilən və ata-analarından ilk dəfə eşitdikləri bu sözləri uşaqlar ciddi qəbul edirlər. Bu basqı qorxu, təşviş, həyəcan, nevrotik pozuntu yaradır ki, nəticədə uşaq özünüidarəni itirir, özgüvən anında aşağı düşür, özünü qiymətləndirmə sıfırlanır. Artıq burada tərəddüd içərisində özünüidarə forması baş qaldırır. Bu idarəetmə formasının fonunda hansı ideal nəticədən danışa bilərik? Amma övladımıza “sən bunu bacaracaqsan”, “bacarmasan da belə, sənə olan fikrimiz, münasibətimiz dəyişməyəcək” dəstəyi övlada çox rahatlıq gətirir. Həmin uşaq imtahanda çox rahat olur. Beyin bu rahatlama fonunda bilgini daha çox sərgiləmə funksiyasına sahib olur. Artıq qabiliyyətin giriş hissəsi başlayır ki, bu da çox önəmlidir”.

Psixoloq valideyn basqısı ilə qarşılaşmayan abituriyentlərin daha yüksək nəticə əldə etdiklərini də bildirib:

“Təcrübə onu göstərir ki, evdə basqı ilə qarşılaşmayan uşaqlar çox yüksək nəticə göstərir. Hətta savadı yetərincə olmasa da belə… Yəni basqı ilə qarşılaşmadıqları üçün rahat şəkildə bildiklərini ortaya qoydular. Basqı ilə qarşılaşan uşaqların isə bildikləri də sıfırlanır. Heç bir nəticə əldə edə bilmirlər. Buna görə də övladınızın yaxşı nəticə əldə etmələri üçün onlarla qarşı mülayim və  nəzakətlə davranmalısınız. Əgər nəticə toplamayan övladlarınız varsa, onlara sevginizi əsirgəməyin. Çünki bu, həyatın sonu deyil. İmtahandan uğurla keçmək, nəticə toplamaq, kəsilməmək yaşam formulu deyil. Bu, sadəcə, bizim özümüzün elmi biliyimizin təsdiqi, bacarığıdır. Bu, son deyil, növbəti seçim turu, növbəti il var. Özünüzü yenidən göstərə bilərsiniz. Bir məqamı da vurğulayım, valideyn özünü də günahlandırmalıdır. Əgər övlad yaxşı nəticə əldə edə bilmirsə, bunun məsuliyyəti bilavasitə valideyndə olmalıdır”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600