İqtisadiyyatda diferensiyalaşdırma siyasətinin real nəticəsi…
Akif Nəsirli: “Öncə diferensiyalaşdırma siyasətini həyata keçirmək lazımdır”
Natiq Cəfərli: “2-3 il ərzində…”
Bildiyimiz kimi, Azərbaycan da iqtisadiyyatın diferensiyalaşdırma siyasətini yürüdür. Görəsən, belə olan halda Azərbaycan iqtisadiyyatında diferensiyalaşdırma siyasəti dövlət büdcəsinin təşkilində real nəticəsini neçə il sonra verəcək?
“Liberal iqtisadçılar” mərkəzinin rəhbəri Akif Nəsirli Yenicag.az-a açıqlamasında bildirdi ki, bunun üçün ilk növbədə diferensiyalaşdırma siyasətinin özü həyata keçirilməlidir. Hazırda isə bu baş vermir: “İqtisadiyyatda diferensiyalaşdırma siyasətinin dövlət büdcəsinin təşkilində real nəticəsinin haçan verəcəyini müəyyənləşdirmək üçün öncə bu diferensiyalaşdırma siyasətini həyata keçirmək lazımdır. Hazırda isə ölkə iqtisadiyyatının idarə edilməsində belə motivləri sezmirəm. Proses çox primitiv şəkildə həyata keçirilir. Ona görə də onun haçan bəhrə verəcəyini dəqiq demək çətindir. İlk növbədə arzulayardım ki, diferensiyalaşdırma siyasətinə Azərbaycan hökuməti başlasın”.
Ekspert Natiq Cəfərli isə qeyd etdi ki, bunun üçün 2-3 il lazımdır: “Azərbaycan iqtisadiyyatının çoxşaxəli diferensifikasiya modelinə keçməsi barədə öncədən də ciddi diskussiyalar gedib. Amma görünən odur ki, büdcədə də nəzərdə tutulan xərcləmələr reallıqda rəqəmlərin, makroiqtisadi göstəricilərin ciddi şəkildə dəyişməsinə gətirib çıxarmayıb. Bu nə xarici ticarət balansında, nə də büdcə gəlirlərinin artımında özünü
göstərmir. Sadəcə, ümumdaxili məhsulun artımında qeyri-neft sektorunun müəyyən dərəcədə artım tempinin yüksək olması sevindirici haldır. Bunun da səbəbi odur ki, neftdən gələn vəsaitin büdcə vasitəsilə böyük hissəsi tikinti və təmir sahəsinə yönəldilirdi ki, bu da həmin sahələrin inkişafına kömək olurdu. Ona görə də çox şaxəli modelə keçmək üçün təkcə büdcə vasitələrinin artırılması bəs etmir. Parlamentdə ilişib qalan Rəqabət Məcəlləsi qəbul edilməlidir. İnhisarçılıq və korrupsiya ilə bağlı daha ciddi addımlar atılmalıdır. Biznesin fəaliyyəti asanlaşdırılmaq üçün lisenziyaların verilməsi qaydası daha da rahatlaşdırılmalıdır.Bütün bu məsələlər dövlət investisiyaların paralel şəkildə yönəldilməsilə həyata keçirilərsə, düşünürəm ki, 2-3 il ərzində Azərbaycanda qeyri-neft sektorunda çox şaxəli modelin yaradılmasında müəyyən uğurlar əldə etmək olar. Amma sadəcə büdcədən ayrılan vəsaitlərə ümid etsək onda çox çaxəli modelə keçmək daha uzun müddət aparacaq və daha çox vəsait tələb edəcək”.
Elçin