İran-İsrail-ABŞ üçbucağında nə baş verir?
İranın 6-lıq ölkələri ilə nüvə danışıqları noyabr ayında başlanıb. Bu müddət ərzində İran rəsmiləri və ABŞ dövlət nümayəndələri nüvə məsələsi ilə bağlı bir neçə görüş keçirib. İsrailin baş naziri Benyamin Netanyahu 6lıq ölkələrinə xəbərlıq edərək bildirib ki, rəsmi Tehranla əldə edilən razılaşma İranı nüvə dövlətinə çevirə bilər. “Belə olan halda İran bu silahı ilk olaraq, İsrailə yönəldəcək”-deyə başnazir çıxışında bildirib.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bu prosesləri Yenicag.az-a belə şərh edib: “ABŞ və İsrailin mövqeyi zatən bəllidir. ABŞ İranda nəyin bahasına olursa olsun nüvə silahının yaranmasının qarşısını almaq istəyir. Buna uyğun olaraq İrana qarşı çox ciddi sanksiyalar tətbiq olunub. Amma bunlara rəğmən ABŞ İranla münasibətlərdə bütün qapını qapatmayıb. altılıq və ikitərəfli danışıqlar aparılır və bu il ərzində razılaşdırılmış ümumi siyasi bir sənədin imzalanması gözlənilir. Sənəd imzalanarsa, İran nüvə mərkəzlərində apardığı işləri tam şəffaflaşdıracaq və uranın zənginləşdirilməsi və ağır su istehsalı yönündə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olacaq. Bunun müqabilində də İrana qarşı tətbiq olunan sanksiyalar tədricən qaldırılacaq. Vəziyyətin belə şəkil alması yaxın gələcəkdə ABŞ-İran münasibətlərinə istilik gətirəcək və proses diplomatik münasibətlərin qurulmasına, qarşılıqlı ticarət əlaqələrinin inkişafına, investisiyaların İrana axmasına səbəb olacaq.
İsrail isə İrana etibar etmədiyi üçün onunla hər hansı anlaşmanın əleyhinədir. İsrail İranın hərbi cəhətdən cəzalandırılmasını və bütün nüvə təsisatlarının vurulnasını istəyir. Ancaq İsrail bunu təkbaşına edə bilmədiyi üçün ABŞ-a möhtacdır. ABŞ isə İranla savaşın çıxmasını deyil, nüvə probleminin həllini iqtisadi təzyiqlərlə həll etmək istəyir. Bu məsələ ABŞ-la İsrail arasında həll olunmamış məsələ kimi qalır və bu, münasibətlərə belə təsir edir. Ancaq hər bir halda İsrail ABŞ-ın Yaxın Şərqdə strateji müttəfiqidir və bu gün də İsrailin təhlükəsizliyi tam təmin edir. Ona görə də bu münasibətlərdə ciddi dəyişikliyin olmasını gözləmək əbəsdir”.
Kamran/Yenicag.az