“Ölkəmiz regionda təsirli güc mövqeyindən çıxış edərək, prosesləri nəzarəti altında saxlayan dövlətdir”.
Bunu Yenicag.az-a açıqlamasında İran-İsrail münaqişəsinin Azərbaycana mümkünm təsirlərindən danışan politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, proseslər getdikcə daha təhlükəli xarakter almaqdadır.
“Yaxın Şərqdəki bu proseslər gözlənilən idi. Yəni münaqişənin geniş coğrafiyaya yayılacağı elə ilk gündən hər kəsə bəlli idi. İstər İran, istər Türkiyə, istər İraq, istərsə də regiondan kənar qüvvələrin dolayısı, yaxud birbaşa yolla baş verənlərdə iştirakı var. Gördüyümüz kimi, hazırda İran və İsrail birbaşa iştirakçı rolundan çıxış edir”, – deyə o bildirib.
Politoloq vurğulayıb ki, əgər qarşısı alınmazsa, böyükmiqyaslı hərbi münaqişə qaçılmaz olacaq.
“Müşahidə edilən əlamətlər bunu deməyə əsas verir.
Təbii olaraq, sözügedən münaqişənin Cənubi Qafqaza da təsiri insanları düşündürən əsas məsələlərdən biridir. İlk olaraq nəzərə almaq lazımdır ki, Azərbaycan həm İsrail, həm də İranla normal münasibətlərə sahib olan ölkədir. Cərəyan edən proseslər həmin ölkələrlə tərəfdaşlığımıza təsir etməyəcək.
Eyni zamanda, qeyd etmək lazımdır ki, ölkəmiz regionda təsirli güc mövqeyindən çıxış edərək prosesləri nəzarəti altında saxlayan dövlətdir. Düzdür, Ermənistanı alətə çevirərməklə, onu silahlandırmaqla regionda əmin-amanlığı pozaraq münaqişəyə cəhd edən qüvvələr var. Ancaq Cənubi Qafqazın təhlükəsizliyi məsələsində, sabitliyin qorunub saxlanmasında Azərbaycan xüsusi rola sahib olduğunu unutmaq olmaz”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az