İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində Korin polis idarəsinin patrul əməkdaşlarına silahlı hücum edilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Nour News” agentliyi əyalət hüquq-mühafizə qüvvələri komandanlığının mətbuat mərkəzinə istinadən məlumat yayıb.
“Bir saat əvvəl ərazidə xidmət aparan Korin polis bölməsinin patrulu terrorçuların hücumuna məruz qalıb, nəticədə iki çağırışçı əsgər ölüb, bir polis əməkdaşı isə yaralanıb… Hadisə yerində güllə yarası alan bir nəfər saxlanılıb. Yerdə qalan silahlı cinayətkarların tutulması istiqamətində tədbirlər davam etdirilir”, – agentlikdən bildirilib.
Qeyd edək ki, bu, həftə ərzində ikinci hücumdur: iki gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının komandiri, briqada generalı Məhəmməd Pakpur Sistan və Bəlucistan əyalətinin Rask və Çabahar şəhərlərində polis məntəqələrinə hücum edən “Ceyş əl-Ədl” qruplaşmasının 15 üzvünün öldürüldüyünü açıqlamışdı.
www.yenicag.az