“Ermənistanı ona görə silahlandırırlar ki, onu Rusiyanın təsirindən çıxarsınlar. Ən əsası isə budur ki, Rusiya Cənubi Qafqazdan sıxışdırılıb çıxarılsın, yaxın perspektivdə isə 102-ci baza ləğv edilsin”.
Bu sözləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O, Ermənistanın son sürət silahlandırılması prosesindən və onun yarada biləcəyi təhlükələrdən söz açıb.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı müharibəyə başlaması ehtimalı isə real deyil:
“Çünki Ermənistan ordusunu normal vəziyyətə qayıtması 2030-cu ilə qədər çətindir. Ona görə də Ermənistan nə qədər silah-susat alsa da, onun təlimlərində sınaqdan keçirilməsi məsələsi var ki, bu da mürəkkəb prosesdir. Nəzərə alsaq ki, bu gün Ermənistan ordusunda peşəkar hərbçilər azdır, çünki onlar peşəkar hərbçiləri 2020-2023-cü illər arasında itirib”.
Düşünmürəm ki, Ermənistan hansısa nəticəyə nail olsun. Silahlandırmaq bundan sonra da davam edəcək. Bilməliyik ki, Qərbin məqsədi Ermənistanı öz təsiri altına salmaqdır. Lakin narahatlığa hər hansı bir əsas yoxdur, çünki Azərbaycan da bu müddət ərzində silah-sursat alıb və ordumuz da müəyyən hazırlıq keçib. Ona görə də biz bəzi preventiv tədbirlər görməliyik, lakin bu prosesə heç bir halda mane ola bilmərik. Çünki nə qədər çağırış etsək də, böyük dövlətlər buna əhəmiyyət verməyəcək. Onlar öz işlərini görüb bundan sonra da Ermənistana daha ağır və müasir tələblərə cavab verən islahlar verəcəklər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az