İsa Həbibbəyli: "Azərbaycanın Zəfəri Türk dünyasında yeni mərhələnin başlanğıcıdır"
“Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri Türk dünyasının güclənməsinə böyük töhfə verir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
Akademik bildirib ki, 2020-ci ildə əldə olunan tarixi Zəfər Türk dünyasında yeni bir mərhələnin əsasını qoyub. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün əsasını qoyduğu müasir dövlətçilik ənənələrinin və Türk birliyi ideyalarının bu gün də öz əhəmiyyətini qoruduğunu vurğulayan İ.Həbibbəyli, Azərbaycan-Türkiyə müttəfiqliyinin bu prosesdə lokomotiv rolunu oynadığını qeyd edib.
Azərbaycanın dövlətçilik tarixinə toxunan akademik bildirib ki, xalqımız 20-ci əsrin əvvəllərində qəbul olunmuş mühüm qərarlarla müstəqillik yolunda inamla addımlayıb:
“Tarix boyu qarşıya çıxan çətinliklərə baxmayaraq, ölkəmiz inkişaf yolunu davam etdirmişdir. Bu gün Azərbaycan Türk dünyasında mühüm yer tutur. Türk dövlətləri arasında əməkdaşlıq və qarşılıqlı dəstək ortaq qərarların qəbul edilməsində mühüm rol oynayır”.
İsa Həbibbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadi inkişaf, hüquqi dövlət quruculuğu və qanunçuluq prinsiplərinə əməl olunması istiqamətində ardıcıl siyasət həyata keçirilir. Onun sözlərinə görə, iqtisadiyyatın gücləndirilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və vətəndaşların rifahının yüksəldilməsi dövlətin əsas prioritetləridir.
AMEA rəhbəri əlavə edib ki, hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar, imzalanan sənədlər və həyata keçirilən islahatlar Azərbaycanın dövlət suverenliyinin daha da möhkəmlənməsinə xidmət edir.
Nəsimi Ələsgərli













