“İŞİD-ə qarşı cihad vacibdir”
Şiə dünyasının nüfuzlu islam alimlərindən sayılan ayətullah Məkarim Şirazi bəyanat verib.
Ayətullah Məkarim Şirazi İraqın ərazi bütövlüyü və islamda müqəddəs hesab olunanları müdafiə etməyin Allah yolunda cihad olaraq vacib olduğunu deyib.
Mərcəyi-təqlid İraqın ərazi bütövlüyü və xüsusilə islami müqəddəslərin müdafiəsi uğrunda şəhid olanların Kərbəla şəhidlərinə qovuşduğunu bildirib.
Daha sonra Ayətullah Şirazi mövzuyla bağlı bunları da əlavə edib:
“Hamımız bilirik ki, təkfirçi terrorçular, onların ərəb ölkələri, Amerika və qəsbkar İsraildən olan himayədarları Suriyada biabırçı məğlubiyyətə düçar olduqdan sonra bu məğlubiyyətin əvəzini İraqdan almaq qərarına gəldilər. Lakin çox çəkmədən şiə, sünni və kürdlər də daxil olmaqla İraq xalqı canını, malını və namusunu qaniçən, rəhmsiz, terrorçu təkfirçilərin təhlükəsi qarşısında görərək ayağa qalxdı. Daha sonra bu insanlar İraqın qorxmaz ordusuna qovuşdu və Nəcəfin dini seminariyasının hörmətli alimlərinin çağırışına “ləbbeyk” dedi, 2 milyon insan Allah yolunda cihad üçün qeydiyyatdan keçdi, hərbi təlimatı olmayanlar sürətlə təlim almağa başladı. İnşallah, İraqdakı bütün etnik qruplar və məzhəblərin davamçıları birləşəcək.
Qeyd edək ki, İraqın şimal və qərb şəhərlərinə qarşı İŞİD-in geniş təcavüzlərinin ardınca Ayətullah Sistani və İraqın bir çox şiə, sünni alimləri ölkənin müdafiə olunmasının və məzhəb yönlü təfriqələrdən uzaq qalmağın vacibliyini vurğulayıb.