İŞİD Suriyada YENİDƏN FƏALLAŞIR – ABŞ XƏBƏRDARLIQ ETDİ
ABŞ-də hazırlanan son hesabatlara görə, İŞİD Suriyada yenidən fəallaşıb. Sənədlərdə qeyd olunur ki, hazırda Suriyadakı müxtəlif düşərgələrdə saxlanılan 10 minə yaxın İŞİD üzvü və onların ailə üzvlərindən ibarət ümumilikdə 40 min nəfərlik kütlənin azadlığa buraxılması terror təşkilatının yenidən güclənməsinə yol aça bilər.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” portalı məlumat yayıb.
Agentlik yazır ki, gazırda Suriyada müxtəlif silahlı qrupların mövcudluğu fonunda İŞİD-in fəaliyyəti və potensialı beynəlxalq ictimaiyyəti narahat edir. BMT və ABŞ mənbələrinə əsaslanan hesabatlarda qeyd olunur ki, təşkilat Suriyanın müxtəlif bölgələrindəki pərakəndə silahlı şəxsləri öz tərəfinə çəkməyə çalışır. Həbsxanalarda saxlanılan minlərlə təcrübəli döyüşçünün azad olunması halında isə İŞİD-in əvvəlki gücünü bərpa etməsi istisna edilmir.
Bildirilir ki, ən təhlükəli nöqtələrdən biri sayılan Əl-Hol düşərgəsində İŞİD üzvləri və onların ailələri ilə yanaşı, müxtəlif ölkələrdən olan xarici vətəndaşlar da saxlanılır. Onların əksəriyyətini İraqdan olan şəxslər təşkil edir. Hazırda Bağdadla Dəməşq arasında həmin şəxslərin geri qaytarılması ilə bağlı danışıqlar aparılır.
“Soufan Group” təhlükəsizlik şirkətinin rəhbəri Kolin Klark bildirib ki, İŞİD-in qarşısını almağın ən vacib yollarından biri düşərgə və həbsxanalarda saxlanılan döyüşçülərin azadlığa çıxmasına əngəl olmaqdır:
“Bu şəxslər azad olunarsa, təşkilat təkcə fiziki baxımdan deyil, təbliğat gücü baxımından da ciddi üstünlük qazanacaq. Bu isə yeni üzvlərin cəlbini sürətləndirə bilər”.
ABŞ-nin kəşfiyyat qurumlarının Konqresə təqdim etdiyi illik hesabatda da İŞİD-in Əsəd rejimindən sonra yaranmış vəziyyətdən istifadə edərək, yeni hücumlar planlaşdırmağa çalışdığı bildirilir. Sənəddə qeyd olunur ki, ötən ilin sonlarında ABŞ Suriyadakı hərbi kontingentini iki dəfə artırıb və son aylarda İŞİD-in səhrada yerləşən mövqelərinə endirilən zərbələr müəyyən dərəcədə riskləri azaldıb.
Hesabatda həmçinin İŞİD-in regional və qlobal aktivliyi ilə bağlı statistik məlumatlar da yer alıb. Bildirilir ki, təşkilat öz ideologiyasını internet üzərindən gizli hüceyrələr vasitəsilə yaymaqda davam edir. 2023-cü ildə 121 hücuma görə məsuliyyəti öz üzərinə götürən İŞİD 2024-cü ilin ilk aylarında artıq 294 hücum həyata keçirib. BMT-nin “İŞİD Monitorinq Qrupu” isə son bir il ərzində təşkilatla əlaqəli ümumilikdə 400-ə yaxın hücum qeydə alındığını açıqlayıb.
“The New York Times” qəzetində dərc olunan son analizdə isə İŞİD-in Suriyada yenidən dirçəlməsinin region üçün ciddi təhlükə yarada biləcəyi qeyd olunub. Məqalədə bildirilir ki, bu proses Suriyanın uzun illərdir davam edən avtoritar rejimdən qurtulmaq üçün ortaya çıxan nadir imkanını təhlükəyə atır və Yaxın Şərqdə daha geniş miqyaslı qeyri-sabitliyə səbəb ola bilər.
Rafi Müslümov