“Ulduz insan həyatını yaxşılığa yaxud da pisə doğru dəyişə bilməz. Bu hal bütpərəstlikdən qalma bir etiqaddır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında İslam dininin bürclərə yanaşması barədə danışan ilahiyyatçı Yaşar Qurbanov deyib.
Onun sözlərinə görə, bürc ərəb dilində ulduz deməkdir:
“Qurani-Kərimdə buyrulub ki, “Biz dünya səmasını ulduzlarla bəzədik”. Yəni, ulduzların insan həyatına heç bir təsiri yoxdur. Məsələn, hər hansı bir bürcə görə filan hadisə olacaq kimi fikirlərin özü küfrdür. Bu, Allahın güc və qüdrətini inkar etməkdir. Ümumiyyətlə, bu dünyada baş verən hadisələrin dəyişməsini istinad etməkdir. Axı ulduzun özünü yaradan Allahdır. Ulduz insan həyatını yaxşılığa, yaxud da pisə doğru dəyişə bilməz. Bu hal bütpərəstlikdən qalma bir etiqaddır. Məsələn, hər hansı bir ulduz ilində insan həyatında bir yaxşı ya da pis hadisə baş verəcək, axı ulduzun iradəsi yoxdur. Ulduz, ümumiyyətlə, bizim həyatımızı dəyişə bilməz. Belə şeyə inanmaq doğru deyil. İnsan həyatında yaxşılıq və yaxud pislik yalnız Allahın əlindədir. İslam etiqadına ziddir. Peyğəmərimiz də belə etiqadı qadağan edib”.
Y.Qurbanov qeyd edib ki, İslamda fala baxmaq və ya baxdırmaq, bürclərə iman gətirərək, onlara bağlanıb, onların verdiyi proqnoza görə hərəkət etmək Allaha küfr etməkdir:
“Bürclər, ulduzlar, Ay, Günəş və sair səma cisimləri insanların və kainatın taleyinə, qədərinin dəyişməsində heç bir rola malik deyil. Çünki bunları yaradan və idarə edən Uca Allahdır. Uca Allah hər bir kəsə xüsusi qədər, tale yazmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, ulduzların insanın taleyi ilə heç bir əlaqəsi yoxdur. Uca Allah Qurani-Kərimdə sabah insanın başına nə gələcəyini Ondan başqa heç bir kəsin bilmədiyini bildirir. Ümumən İslam dini bu cür xurafatların əleyhinədir. Heyvan illəri, bürclər, ulduzlar, aylar, illər, günəş, ay, ulduzlar və s. səma cisimləri insanların və kainatın taleyində, qədərinin dəyişməsində heç bir rola malik deyil”.
İsmayıl Bakuvi
www.yenicag.az