İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı (İİB) arasında Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb.
Yenicag.az xəbər verir ki, sənəd Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə videokonfrans formatında imzalanıb.
Görüşdə M.Cabbarov İİB-nin dövlət və özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyi vurğulayıb, Azərbaycanın İİB Qrupuna daxil olan institutlarla əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.
Ölkə üzrə Əməkdaşlıq Çərçivə sənədi Azərbaycan-İİB əməkdaşlığında yeni dövrün başlanğıcı kimi dəyərləndirilib. Sənədin icrasının “yaşıl” və dayanıqlı infrastrukturun inkişafına, iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsal transformasiyaya stimul verəcəyi qeyd olunub. Bildirilib ki, sənədə uyğun olaraq görüləcək işlər tərəflər arasında əməkdaşlığı və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyəti gücləndirəcək.
M.S.Əl-Casir Azərbaycanda həyata keçirilən islahatların və “yaşıl” iqtisadiyyata keçidlə bağlı reallaşdırılan layihələri İİB-nin dəstəklədiyini vurğulayıb. O, Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin potensial əməkdaşlıq sahələrini genişləndirəcəyini və iqtisadi artımı təşviq edəcəyini bildirib. Sənədin Azərbaycan və İİB arasında gələcək ortamüddətli əməkdaşlıq üçün əsas platforma olacağı qeyd olunub.
Görüşdə həmçinin, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.yenicag.az