“Onların qadınlara münasibətdə yol verdikləri vəhşilikləri əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb”.
Bu fikirləri yenidən alovlanan İsrail-Fələstin toqquşması dalğasında rəsmi Tel-Əvivin İrana mümkün hücum ehtimalını dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynlinin fikrincə, Yaxın Şərqdə baş verən son proseslərin arxasında İranın da olduğu açıq görünür:
“HƏMAS terror təşkilatının istifadə etdiyi bütün raketlər – onların içərisində qanadlı raketlər də var – İran istehsalıdır. Eyni zamanda, bəzi kiçik çaplı raketlər qayıqlara quraşdırılmışdı, onlar da İordan çayı boyu üzərək İsrailin müxtəlif məntəqələrini atəşə tuturdu.
Həmin qayıqları və raketləri İran quraşdırıb. HƏMAS-ın hücumu zamanı Tehrandakı “Fələstin” meydanında atəşfəşanlıq keçirildi. İran rəhbərləri HƏMAS-la qürur duyduqlarını açıq şəkildə dilə gətirirlər.
Terrorçu qruplaşma bir dövlətin sərhədini keçərək hücum edib, çox sayda əsir götürüb və dinc israilliləri qətlə yetiriblər. Onların qadınlara münasibətdə yol verdikləri vəhşilikləri əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Özlərini müsəlman adlandırsalar da, əsirlərlə, qadınlarla davranışlarında müsəlmana yaraşmayan hərəkətlər edirlər. İsrailin bəyan etdiyi kimi, əgər hərbi əməliyyatlar uzun sürəcəksə, bu, İranın HƏMAS-a dəstəyinə görə belə olacaq”.
Səxavət Məmməd
www.yenicag.az