İsrailin Qətərə endirdiyi zərbədə ölənlərin kimliyi bilindi
Ərəb mediasının məlumatına görə, İsrailin Qətərdə həyata keçirdiyi hücumda 5 nəfər həlak olub. Ölənlərin HƏMAS üzvü olduğu, lakin təşkilatın rəhbərliyinə daxil olmadıqları bildirilir.
Yenicag.az xəbər verir ki, məlumata görə, həyatını itirənlər arasında HƏMAS-ın Qəzza lideri Xalil əl-Hayyanın oğlu Himam əl-Hayya, onun ofis direktoru Cihad Labad Əbu Bilal, eləcə də yaxın çevrəsindən olan Abdullah Əbu Xəlil, Mömin Əbu Ömər və Əhməd Əbu Malik var. Onların bəzilərinin şəxsi mühafizəçi və ya müşavir olduğu ehtimal edilir.
İsrail rəsmiləri isə hücumun HƏMAS rəhbərliyini də sıradan çıxara biləcəyini və bu barədə getdikcə daha nikbin olduqlarını açıqlayıb. Rəsmi Tel-Əviv HƏMAS-ın rəhbər itkiləri gizlətməyə çalışdığını da iddia edir.