Millət vəkili İctimai Televiziya və Radio Yayımları Şirkətinin xalqın daha geniş tribunasına çevrilməli olduğunu deyib.
Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Aqil Abbas İTV-nin fəaliyəti haqqında danışıb.
Millət vəkilinin sözlərinə görə, İTV bu gün Azərbaycanın milli dəyərlərini yaşadan azsaylı kanallardan biridir:
“Biz özəl kanalların fəaliyyətinə müdaxilə edə bilmirik. Hərdən mən də onların üstünə çox gedirəm. Ancaq nəzərə almaq lazımdır ki, onlar reytinq arxası ilə getməlidirlər, fəaliyətlərini davam etdirmək üçün pul qazanmalıdırlar, reklam almalıdırlar. Bunun başqa variantı yoxdur, çünki Azərbaycanda reklam bazarı sıfır səviyyəsindədir. Azərbaycanın büdcədən maliyyələşən telekanalları – AzTV, İTV, Mədəniyyat kanalları Azərbaycanın milli dəyərlərinin yaşadılmasında böyük işlər görürlər. Son vaxtlar İTV-də müəyyən irəliləyişlər nəzərə çarpır. Yeni prezidentin gəlişindən sonra işlər görülür. Açığı İTV-nin yeni prezidentini çox adam tanımırdı, şəxsən mən onu küçədə görsəm, tanımaram, ancaq bununla belə biz orada müsbətə doğru baş verən dəyişiklikləri görürük. Çox arzu olunandır ki, İTV fəaliyətini bir az da genişləndirsin və milli dəyərlərimizi geniş surətdə təbliğ etsin”.
A.Zeynalov
www.yenicag.az