!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalisti qladiator və “satqın” sayanların cığallığı

!Reklam – Yazi

Xalid Kazımlı
Musavat.com saytının şef-redaktoru

Mənzil bölgüsü mərəkəsində adı ən çox hallandırılan 3 jurnalistdən biriyəm. Dostlar deyir, fikir vermə, baş qoşma. Deyirəm, elə olmaz, səslənən hər bir irad, qınaq, tənə, məzəmmət, ittiham öz cavabını almalıdır. Yox, hansısa fikrə cavabımız olmayacaqsa, cavab verə bilməyəcəyiksə, o fikirlərin həqiqət kimi qəbul edilməsi, ictimai rəydə oturması real olacaq.

Əslində baş redaktorum Rauf Arifoğlunun təşəbbüsü, prezident İlham Əliyevin sərəncamı (və təbii ki, öz arzumla) DÖVLƏTdən mənzil almağımın müəyyən söz-söhbətə səbəb olacağını gözləyirdim, amma ajiotaj doğuracağını gözləmirdim. Rauf bəy öncədən xəbərdarlıq etmişdi. Özüm də bilirdim ki, ortada prezidentin ona “Əməkdar jurnalist” fəxri adını müşayiət edən döş nişanı (bəziləri qəsdən orden-medal yazırlar) təqdim etməsini görüntüləyən şəkillərin hər gün pis niyyətlə sosial şəbəkədə paylaşılması faktı var. Demək, eyni şey yenə təkrar oluna bilər. Olundu.

Ancaq gəlin, məsələyə bir az gendən gələk, məsələn, dünyaca ünlü, barışmaz disidentlərin həyatına baxaq.

Dissidentlər də dövlətdən ev alırdılar

Andrey Saxarov dövlətin verdiyi evdə yaşamırdımı? Yaşayırdı. Çünki küçədə, vağzalda yata bilməzdi. Amma o, yenə də dissidentlik edirdi, həqiqət bildiklərini deməkdən çəkinmirdi. Saxarov uzun müddət sürgündə yaşadı, həbsdə yatdı. Çıxdı, SSRİ Al Sovetinin deputatı oldu. Bizim azərbaycanlı müxalifətçilərin sevimli termini ilə desək, Kremldən mandat aldı. Ancaq adam sona qədər dissident olaraq qaldı.

O birilər də eləcə. Hamısı dövlətin verdiyi evdə yaşayıb, dövlətin yaratdığı iş yerində işləyiblər. Amma vicdansızlıq etməyiblər, etməməyə çalışıblar. Nəyə görəsə bizimkilərə elə gəlir ki, dövlət bizə ev veribsə, mütləq iqtidar düşərgəsinin adamı olmalıyıq, olacağıq, müstəqil ola bilmərik. Ümidvaram ki, müxalif yazarlara jest eləmiş iqtidar komandası onların öz vicdanları əleyhinə nəsə yazmalarına dair eyham belə etməyəcək.

Dövlətin verdiyi ev isə ölkənin sərvətlərindən jurnalistlərin payına düşmüş bir damladır. Allah hər kəsə qismət eləsin.

Bolşevizm kükrəyişi

Ancaq indilikdə bizdə cəmiyyətin bir hissəsində ciddi bir bolşevizm ab-havası var. Bir qrup insanlar yerə bir cızıq çəkir, adamları o xəttin içinə salır, onlara nə cür danışmağı, necə yaşamağı, nəyi yazmağı diktə edirlər. Kim özünü müstəqil sayaraq o xətdən çxmaq, fərqli yol tutmaq istəsə, ona qarşı kütləvi şəkildə hücuma keçirlər, qınayırlar, pisləyirlər, “xəyanətkar” adlandırırlar.

O gün bir nəfər statusumun altına belə bir şərh yazmışdı: “İndən belə yazılarınızda sərt olmasanız, biləcəyik ki, bütün yazdıqlarınız elə mənzil üçünmüş”.

Jurnalisti qladiator hesab etmək mərəzi

Mən ona cavab yazdım. İndi həmin cavabı bir qədər geniş formada burda da yazıram. Əziz həmvətən, mənim sizin qarşınızda hər zaman sərt tənqid yazacağıma dair öhdəliyimmi var? Girovammı? Özüm qərar qəbul edə bilmərəmmi? Ömür boyu özümü, ailəmi təqib-təzyiqlərə məruz qoymağa borcluyammı? Siz amfiteatrlarda pop-korn yeyə-yeyə tamaşaya baxacaqsız deyə, mən meydanda ölənə, öldürülənə qədər qladiatorluq etməliyəmmi? Kamikadzeyəm-nəyəm?

Düz tapdım. Bəziləri bizi kamikadze hesab edir. Qələmimizi, klaviaturamızı “şəhid kəməri”nə çevirməliyik, bunların “haqq işi” uğrunda gedib özümüzü fəda etməliyik – təqib olunmalıyıq, tutulmalıyıq, döyülməliyik və s. Əfv ərizəsi yazıb azadlığa çıxmağın “xəyanət” hesab edildiyi ölkədə yaşayırıq. Yox, yox, adam “haqq işi” uğrunda günə-gün yatmalıdır, ailəsi necə olur-olsun, dəxli yoxdur, “sınmaq” olmaz. İçəridən birtəhər çıxandan sonra da adamı bükələyib kənara atırlar, belinə damğa basırlar. “Bu da dözmədi” deyirlər.

Bu meydan, bu da estafet çubuğu, götürün

Kim istəyirsə, estafeti ona ötürürəm, buyursun, çıxsın meydana, istədiyi qədər fədakarlıq etsin. Fədakarlığa qalsa, bunu hər kəs etməlidir. Ancaq digər partiyadaşlarından fərqli olaraq özü komfort içində yaşayanların, övladlarını xaricdə oxutduranların kimliyini hər kəs bilir. Onlara hər şey olar, amma mən fədakarlıq etməliyəm, “hakimiyyətyanlı” adlandırdıqları qəzetdən ayrılıb işsiz qalmalıyam, ailəm maddi sıxıntı çəkməlidir. Bəlkə faydalı olacaqsa, bu da məqbuldur. Amma bir dəfə olar, iki dəfə olar. Xroniki şəkildə fədakarlıq etmək heç kəsin bacaracağı iş deyil.

Həm də bu (insanlardan xroniki fədakarlıq tələb etmək) İŞİD-çi təfəkkürüdür. Onlar da öz övladlarını qoruyur, “şəhid kəməri”ni başqalarının belinə bağlayırlar.

Dözüm limiti

İndi müdrik-müdrik deyəcəklər, hər kəsin bir dözüm limiti var, bununku da bura qədərmiş. Qətiyyən elə deyil. Mənim dözüm limitim yalnız bizə partiya mirzəsi kimi baxan şəxslərə qarşı tükənib. 24 illik xidmətin üstündən bir saniyədə xətt çəkə bilirlərsə, partiyada qaldığı halda, onu “istefa vermiş” kimi qələmə verirlərsə, üstəlik, üzərinə total şəkildə hücuma keçib təhqir edirlərsə, demək, hakimiyyətə gələcəkləri təqdirdə də o adam qapı dalında qalacaqmış.

Sirləri “faş edən” siyahı

Bəziləri də siyahı paylaşıb, həmkarlarımızın adını hallandırırlar. Ay iki evləri varmış, ay restoranları, villaları varmış-filan. Bir çoxları da bu siyahını kopyalayıb paylaşırlar. Sanki mühüm bir sirrin üstü açılıb (əslində bu “sirri”n detalları KİV DF-yə təqdim olunan sənədlərdə yer almışdı).

Bəlkə də adları çəkilənlərin içində doğrudan da iki, hətta üç babat evi olanlar var. Amma mən şəxsən tanıdığım, həyatlarını, məişət şəraitlərini bildyim adamların “ikievli” olmasından yazacağam.
Ata evində, qardaş yanında yaşamaq evi olmaqdırmı? Deyil. 5-6 nəfərlik ailə ilə 30 kvadratmetlik mənzildə yaşamaq yaşamaqdırmı? Deyil. Bu, sadəcə, “gecələməyə yeri olmaq”dır, “başı üzərində tavana sahib olmaq”dır. O siyahıya adı salınanların əksəriyyəti bu cürdür.

Yataqxana hücrəsi ev sayılırmı?

Konkretləşdirək. Bir həmkarımız hələ 7-8 il öncə xanımından ayrılıb, yeni ailə qurub. O, əsl azərbaycanlı kişisi kimi evdən pencəyini və bir çamadanını götürüb çıxıb, evi keçmiş xanımına buraxıb və özü kirayəyə köçüb. Sonra bir köçkün xanımla ailə qurub, hazırda onunla və yeni doğulmuş övladlarıyla birlikdə köçkün yataqxanasına yerləşib. İndi bu adamı “ikievli” adlandırmaq düzgündürmü?

Başqa bir həmkarımız qardaşıyla köməkləşərək ipotekayla balaca bir ev alıb. İllərdir, kredit ödəyirlər. Ona ev verilməsə 65 yaşına kimi kredit ödəməliydi. Yəni adam borc üzündən bir xoş gün görmədən, bir dəfə tətil etmədən qocalıb gedəcəkdi.

Götürək elə özümü…

Mən özüm 1999-cu ildə 4 min dollar pul düzəldib ucqar qəsəbədə 30 kvadratmetrlik “yuva” qurmaq üçün beş qəzetdə parallel işləmişəm. Birində redaktorluq etmişəm, köşə yazmışam, birində (“Mülkiyyət”) ruscadan iqtisadi materiallar tərcümə etmişəm, o birində korrektorluq etmişəm, başqa birində (“Çağ”) satirik səhifə aparmışam, hətta birində (“Ejednevnıe novosti”) rusdilli olmasam da, rusca siyasi məqalələr yazmışam. “De-Fakto”, “Press-fakt” kimi qəzetlərdə yazılarla çıxış etmişəm, qonorar almışam. Yetməyib, bir qohumdan borc alıb ailəmi yataqxana otağından xilas etmişəm (bu cür əziyyətlə, əzabla qurduğumuz yuvanı kiməsə bağışlamağımızı gözləyənlər necə də haqsızdırlar. Bir neçə ilin içində “yuva” qurmaq istəyən gənclərin də bir az artıq çalışması və bir neçə il hövsələ etməsi lazımdır. Birdən-birə əldə olunan nailiyyətin dadı-duzu olmur, qədri bilinmir).

Başqa dövlətin verdiyi evdə oturub öz dövlətindən ev alanları pisləmək həyasızlığı

Amma yerli və xarici dissidentlər bu reallıqları nəzərə almır. Özü uzaq və yad bir dövlətin verdiyi evdə oturan “dissident” öz dövlətindən mənzil alan jurnalistləri qınayır, töhmətləndirir, hətta söyür.

Biri var, hamını ucdantutma “şərəfsiz” adlandırır. Bu o adamdır ki, bacısını polis bölməsinə aparan rəisə zəng edərək, “bacımı verdim sizə, nə edirsiniz, edin” demişdi. İndi şərəfdən danışır.

Ən qəribəsi odur ki, mənzil bölgüsünə dair siyahıdan haqlı və əsassız yerə narazı qalanların hirsi soyuyub, hiddətləri keçib, ancaq “dissidentlər” gündən-günə qızışırlar, artıq açıq təhqirə keçirlər. Qarğış edənlər, mənzilə sahib olanlara faciə, fəlakət arzulayanlar var.

20 milyon köynəyə də gedə bilərdi, evə də…

Nədir, nə baş verib axı? Bu ölkədə son illərdə dövlətdən mənzil alan qaçqınlara, idmançılara, hərbçilərə, köçkünlərə indi də jurnalistlər qoşulub.

Bu xətti təqdir edərək daha da genişlənməsinə, bütün sosial qrupları əhatə etməsinə nail olmaq əvəzinə, elə qələmə verilir ki, sanki dövlət büdcəsi talanıb, dövlətə, millətə xəyanət edilib.

Ötən il tez-tez yazırdım ki, Madridin “Atletiko” klubunun oyunçulanın köynəklərinin sinəsində, arxasında “Land of fire – Azerbaijan” yazılmasına ildə 20 milyon ödəməyin faydası yoxdur. Budur, həmin o 20 milyon manat jurnalistlər üçün tikilən 3-cü binaya sərf olunacaq.

Təşəkkür məsələsi

Təşəkkür məsələsinə gəlincə, dünən sosial şəbəkədə oğlumun şəklini paylaşaraq yazmışdım:

“Tez-tez olur ki, oğlumu bir işə buyururam, məsələn, su istəyirəm. Gətirir, alıb içirəm. Stəkanı ona qaytaranda görürəm, diqqətlə üzümə baxır. Soruşuram, nə var. Deyir, nəyisə unutdun. Nəyi? – deyirəm. “Təşəkkür etməyi” deyir. Son yeddi ildə azı yüz dəfə belə hadisə olub. İndiki gənclər belədir… Atalarına belə güzəştə getmirlər”.

Dediyim odur ki, sənə hörmət qoyana, xidmət göstərənə, təbrik edənə təşəkkür etmək adi nəzakət etiketidir, mədəniyyətdir, əksi isə qanacaqsızlıq və nankorluqdur.

Bu mövzuda bu qədər bəsdir. Cığallıq edənlər olacaqsa, yenə cavabım olacaq. Onu da deyim ki, başqalarının vəkili deyiləm. Hər kəs öz şəxsinə yönələn ittihamlara cavab verməlidir – təbii ki, veriləcək cavabları varsa.

Yenicag.az

COP29

www.yenicag.az

1128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv