“Jurnalistika dəyərləri və demokratik cəmiyyət quruculuğu” – Dəyirmi masa

 unnamed  Bu gün “Zərdabi Mətbuat Mərkəzi” İB “Jurnalistika dəyərləri və demokratik cəmiyyət quruculuğu” mövzusunda “dəyirmi masa” keçirib. Bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Jurnalistikanın təbliği istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində dördüncü – sonuncu toplantı olub.

“Dəyirmi masa”nı giriş sözü ilə “Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə açaraq rəhbəri olduğu layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, “Jurnalistikanın təbliği istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi ali məktəblərin jurnalistika fakultələrinin magistr pilləsinə qəbulda tətbiq edilən qabiliyyət testi barədə tələbə-gəncləri məlumatlandırmaq məramına söykənib. “Bildiyiniz kimi, hazırda humanitar sahənin bakalavrları ilə yanaşı digər ixtisas qruplarını bitirənlərin də magistr pilləsində jurnalistikanı seçmələrinə imkan yaradılıb. Layihəmiz bu imkan barədə tələbə-gəncləri məlumatlandırmaq məqsədi daşıyır. Ötən 4 ayda Azərbaycan Dövlət Aqrar Universitetində, Lənkəran Dövlət Universitetində və Mingəçevir Dövlət Universitetində görüşlərimiz oldu. Hesab edirəm ki, tədbirlər uğurlu keçdi. Jurnalistikamızın keçmişi və bu günü barədə məlumat verdik. Tələbələrin marağı böyükdür. Ümumən hər bir kəsin içərisində jurnalist olmaq istəyi var. Sadəcə bu istək doğru bir şəkildə ifadəsini tapmalıdır. Bunun yolu isə təhsildən keçir. Düşünürəm ki, layihəmizin bakalavr tələbələrin gələcək təhsillərində jurnalistikanı seçmələrinə töhfəsi olacaq. Bununla jurnalistikamızda ixtisaslaşma da dərinləşəcək», – deyə R.Hüseynzadə vurğulayıb.

unnamed (2)Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də çıxışında jurnalistikanın ixtisaslaşmasının vacibliyini əsaslandırıb. Layihənin əhəmiyyətinə bu baxımdan toxunan V.Rəhimzadə bildirib ki, öz sahəsinin bilicisi olan gənclərin jurnalistikaya yiyələnmələrinə şərait yaradılması ümumən cəmiyyətin maraqlarından qaynaqlanan prosesdir. Çünki cəmiyyət üzvləri belə peşəkarların sayəsində daha səlist materiallarla tanış ola, müvafiq şəkildə ölkənin ictimai həyatına daha mükəmməl şəkildə köklənə bilərlər. Bu isə demokratik cəmiyyət quruculuğu prosesinin dərinləşməsinə mühüm dəstəkdir.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli jurnalistikanın ixtisaslaşmasının eyni zamanda bu sahədəki neqativ meyllərin aradan qaldırılmasına kömək olduğunu diqqətə çatdırıb. O, ali məktəblərin jurnalistika fakultələrinin bakalavr və magistr pilləsinə qəbulda keçirilən qabiliyyət imtahanlarının xüsusiyyətlərindən söz açıb. M.Ələsgərli bildirib ki, cəmiyyətdə jurnalistika dəyərlərinin təbliği nəticəsində imtahanlarda iştirak edənlərin kəmiyyətinin və keyfiyyətinin artırılması mümkündür.

unnamed (3)“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, ali məktəblərin jurnalistika fakultələrinə qəbulda keçirilən qabiliyyət imtahanı mexanizminin bir qədər yüngülləşdirilməsinə ehtiyac var. Bu yolla jurnalistikaya daha çox gəncin axınına şərait yaratmaq mümkündür. Baş redaktor eyni zamanda bildirib ki, yazı qabiliyyətinin olması şərtdir. Yazı qabiliyyəti olan bakalavr tələbələrin magistr kimi təhsillərini jurnalistika sahəsində davam etdirmələri müsbət haldır. Bu yolla humanitar sahəyə aid olmayan şəxslərin də jurnalist kimi özlərini sınamaları, peşənin incəliklərinə daha yaxından bələd olmaları mümkündür. Layihə bu şəraitin təbliğini rəhbər tutduğu üçün əhəmiyyətlidir.

“Jurnalistikanın təbliği istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxışını əsasən layihə çərçivəsində tələbə-gənclərlə keçirilmiş görüşlər üzərində qurub. O bildirib ki, görüşlər tələbələrin gələcək ixtisas seçiminə təsir edəcək. “Ümumən hər kəs özünü jurnalistikada görə bilər. Elə o gənclərin də böyük qismi peşəyə həvəslərini bu və ya digər şəkildə bildirirdilər. Sadəcə proses elə qurulmalıdır ki, gənclər peşənin məziyyətlərini görərək ona qatlaşmaq marağını özlərində tapsınlar. Düşünürəm ki, layihə bu marağı yaratmaq baxımdan uğurlu alındı”, – deyə S.Verdizadə vurğulayıb.

unnamed (1)Toplantıda çıxış edənlərdən veteran jurnalist Məzahir Süleymanzadə, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafael Becanov, “Atilla” jurnalının redaktoru Gülşən Behbud və başqaları mövzunun əhəmiyyətinə toxunaraq ümumən jurnalistikanın ictimai həyatdakı rolundan danışıblar.

 

COP29