Bu gün Azərbaycan mətbuatının “ağır top”larından biri hesab olunan, mediada uzunmüddətli peşəkar fəaliyyəti sayəsində qazandığı əvəzsiz təcrübəsi ilə gənc yazarların yoluna işıq salan Xanoğlan Əhmədovun növbəti doğum günüdür.
Əslində, Xanoğlan Əhmədov imzası keşməkeşli inkiaf yolu keçən mətbuatımızın müstəqilliyimizin bərpasından ötən dövrə aid tarixinin rəmzlərindən birinə çevrilib. Dəyərli qələm dostumuzun media cameəsində və ümumiyyətlə, cəmiyyətdə qazandığı hörmət və rəğbət onun öz işinə peşəkar və vicdanlı münasibətinin məntiqi nəticəsidir.
Xanoğlan Əhmədovu mətbuatımızda etalona çevirən cəhətlərdən biri də onun öz fəaliyyətində peşə etikasını hər zaman yüksək tutması, yetişən gənc jurnalistlərə də bunu hər zaman təlqin etməsidir. Həmkarımızın öz qələminə və prinsiplərinə sədaqəti isə həqiqətən də, çoxlarına örnək olacaq səviyyədədir. Doğum günündə sosial şəbəkələrdə ona ünvanlanan çoxsaylı səmimi təbriklər Xanoğlan Əhmədovun qazandığı rəğbətin özünəməxsus göstəricisidir.
Xanoğlan Əhmədovun fəaliyyəti sadəcə, yazmaqla, ictimaiyyəti narahat edən problemləri və onlardan çıxış yollarını göstərməklə, məhdudlaşmır. Medianın nəzəri problemlərinin araşdırılmasına da ciddi yanaşan Xanoğlan Əhmədov “Media və mülki cəmiyyət” İctimai Birliyinin sədri və “İlkxeber.org” saytının baş redaktoru olaraq, mətbuatın cəmiyyət həyatının müxtəlif istiqamətlərində rolunun müəyyənləşdirilməsinə dair vacib tədqiqatların da müəllifidir.
Onun bu çərçivədə təşkil etdiyi tədbirlər qoyulmiuş problemlərin öyrənilməsinə əhəmiyyətli töhfə verməkdədir. Əlbəttə ki, Xanoğlan Əhmədovun həyatı sadəcə, media fəaliyyəti ilə hüdudlanmır. O, qayğıkeş ailə başçısı kimi cəmiyyətin nümunəvi fərdləri sırasında yer tutur.
Dəyərli dostumuz və həmkarımız Xanoğlan Əhmədovu 57-ci doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona həyat və fəaliyyətində bol uğurlar arzulayırıq.
Məlahət Qurbanova
Aqil Ələsgər və “Yeni Çağ”çılar
www.yenicag.az