“Təhsil dünyanı xilas edəcək yeganə vasitədir”.
Bunu Yenicag.az-a videomüsahibəsində təhsil eksperti Kamran Əsədov deyib.
“Yaxın gələcəkdə ali və orta təhsil müəssisələrində ciddi şəkildə ixtisaslarda dəyişikliklər olacaq. Əlbəttə, biz dünyanı xilas etmək istəyirik, amma dünyanı xilas etmək təkcə ağac əkmək deyil. Biz təbiəti qorumaqdan danışanda, uşaqlara məktəbə qədərdən etibarən bu tərbiyəni verməliyik. Bizim ən vacib məsələmiz tullantıların birbaşa təbiətə atılması ilə bağlıdır. Hələ də zibilliklərdən istifadə edən şagirdləri görmürük. Əgər onlar zibilləri yerə atırlarsa, məktəb olaraq şagirdlərdə ekoloji təbiəti formalaşdıra bilmirik. Yaşıl təhsil deyəndə bunun mahiyyəti ondan ibarətdir ki, əgər 4.432 ali təhsil müəssisəsindəki 1,6 milyon tələbədən hər biri gündə bir dəfə zibilləri yerə atsalar və ya təbiətdə yavaş həll olunan tullantılar atılsa, bu, təbiətə ciddi ziyan vura bilər. Yaxud 51 ali təhsil müəssisəsində 187.000 tələbəmiz var. Onların 80 mini oğlan tələbələrdir. Əgər onlar siqareti çəkib kötüyünü yerə atacaqlarsa, bu, birbaşa təbiəti korlayacaq”.
“Buna görə iqlim dəyişikliyi və ya təbiətin qorunmasından danışanda, müharibələr və ya münaqişələri nəzərə almamalıyıq. Biz gündəlik təbiəti nə qədər qorumağımıza diqqət etməliyik. Müharibələr və ya münaqişələr müəyyən dövr ərzində müəyyənləşir. Bu gün ali təhsil müəssisələrində yeni ixtisaslara ehtiyac var və ya mövcud ixtisaslar daxilində ekoloji mühafizəni təmin etməliyik. Təhsil dünyanı xilas edəcək yeganə vasitədir. Əgər biz keyfiyyətli təhsil verə bilsək, dünyanı da xilas edə biləcəyik”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Məsimə Məmmədova
Samir Məcidov
www.yenicag.az