“Katolikosun dəstəkləmədiyi iqtidarın ömrü uzun olmaz” – Paşinyan-Kilsə savaşına şərh

“Eçmiədzin rəhbərinin dəyişdirilməsində dünya erməni dini camaatının iradəsi həlledici olur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın yeni hökuməti ilə Kilsə arasında yaranmış gərginliyin açıq müstəviyə çıxmasının mümkün nəticələrini şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı deyib.

Qafar Çaxmaqlının sözlərinə görə, baş nazir Nikol Paşinyanın katolikos II Qaregini istefaya göndərmək cəhdi Ermənistandakı daxili “razborka”nın tərkib hissəsidir:

“Hakimiyyətə gəlişindən bəri Paşinyanın əsas məqsədlərindən biri əldə etdiyi hakimiyyəti gücləndirməkdir. Onun bu çərçivədə müxalifətə, xüsusilə, sabiq prezidentlərə qarşı kəskin addımları da bu niyyətdən irəli gəlir.

Lakin hesab etmirəm ki, Paşinyan bu mübarizədə keçmiş prezident Robert Koçaryanı sıradan çıxara bildi. Bunu təsdiqləmək üçün əsas yoxdur. Əksinə, nəzərə alınmalıdır ki, Koçaryanın arxasında hələ də güclü olan “Qarabağ klanı” və əlbəttə ki, Rusiya dayanır.

Koçaryanın ad günündə Putinin onu təbrik etməsi də göstərdi ki, sabiq prezidenti bir cəhdlə zərərsizləşdirmək mümkün deyil. Hətta qətiyyən istisna olunmur ki, yaxın gələcəkdə Rusiya Koçaryanı hakimiyyətə qaytarmaq üçün hərəkətə də keçə bilər.

Eyni zamanda, o da mümkündür ki, Rusiyanın Koçaryana dəstəyinin açıq ifadə edilməsi Paşinyana ünvanlanan xəbərdarlıq xarakterli manevr də olsun. Çünki həm Koçaryan, həm də Sarkisyan öz siyasi ömürlərini tükətmiş fiqurlardr.

Ancaq Paşinyanı qəbul etməyən ən ciddi qüvvələrdən biri də məhz Kilsədir. Eçmiədzin kilsəsi rəhbərinin dəstəyi olmadan Ermənistanda istənilən iqtidarın ömrü uzun olmaz. II Qareginin istefaya getməyə razılıq verməsi məsələsi isə ola bilsin, Paşinyana bağlı qüvvələrin yaydığı dezinformasiyadır.

Bundan başqa, Eçmiədzin rəhbərinin dəyişdirilməsində dünya erməni dini camaatının iradəsi həlledici olur. Qareginin istefasının zəruriliyini əsaslandırmaq üçün Paşinyan erməni diasporunun qarşısına hansı arqumentlərlə çıxa bilər ki, bu məqsədinə istəyinə nail olsun?

Bütün bunlar Ermənistanda davam edən daxili “razborka”ların tərkib hissəsidir və hələ bir müddət davam edəcək. Çox təəssüf ki, bizim bu proseslərə müdaxilə etmək və bəlli siyasi istiqaməti yönləndirmək imkanımız yoxdur”.

Xatırladaq ki, Ermənistanla bağlı yayılan xəbərlərdə baş nazir Nikol Paşinyanın bütün ermənilərin katolikosu II Qaregini “könüllü” surətdə istefaya getməyə məcbur etdiyi bildirilir.

A.Zeynalov

COP29