!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kimin əli kimin cibində: Qanunsuzluğu ifşa edən gənclə baş həkimin həqiqət mübarizəsi – Aqil Bəkir yazır

!Reklam – Yazi

Hər gün yeni bir şeyə təəccüblənmək insanın düşüncə sərhədlərini zorlamaqla bərabər, “təəccüb” sözünün yaşadıqlarımızı ifadə etməkdə aciz qaldığı gerçəyi ilə də üzləşirik.

Xatırlayıram, ötən Ramazan ayının ilk günlərində hansısa gecə klubunda baş verən partlayışa insanlarımızın reaksiyasına təəccüblənmişdik. Deputat Fazil Mustafaya qarşı təşkil edilən, lakin məqsədinə çatmayan sui-qəsd cəhdində də eyni şeyi gördük. Sosial şəbəkələrdə təhqirlər, ölüm arzuları havada uçuşdu, bunu Ramazan ayının xeyirli yanı kimi qələmə verənlər oldu, İranın Azərbaycana qarşı ciddi təhdid təşkil etməsi reallığını sevinclə qarşılayıb öz dindar və ya dinsiz, Allahsız qardaşlarının ölkəmizdə qorxu abu-havası yaradaraq Azərbaycanın “təhlükəsiz” statusunu terrorla zənginləşdirmə cəhdinə alqış tutdular. Allahın müqəddəs adına sığınıb başqalarının vurulmasına, ölməsinə sevinənlərin bunu Ramazan ayında etmələri ikrah doğurur. Elə bu müqəddəslikdən yola çıxaraq deyə bilərəm ki, hər şeyi Allaha həvalə edib kənara çəkilmək də bir şey deyil. Necə ki Dövlət Təhlükəsizliyi Xidməti İranın Azərbaycandakı casus şəbəkəsinə qarşı silsilə əməliyyatlar keçirir, hər birini kül edir. Ancaq bununla işi bitmiş hesab etmək olmaz. Casus olmasalar belə, İran ideologiyasına xidmət edənlər üzərində də iş aparılmaldır. Bu işi güc strukturlarının, yoxsa dini orqanların aparmalı olduğunu da aidiyyəti qurumlar müəyyənləşdirməlidir. Çünki açıq hücumdan daha təhlükəlisi özünü ideologiyaya, həm də dini ideologiyaya qapdıranların fəaliyyətləridir.

Sonrakı günlərdə ölkə gündəmini zəbt edən məsələlərdən biri də Naxçıvanda Nəriman Nərimanovun büstünün götürülməsi fonunda onun Bakıdakı heykəlinin də qaldırılması fikrinin ortaya atılması oldu. Tariximizdə ziddiyyətli şəxslər çoxdurlar və tarixin özü onların yerini müəyyənləşdirib. Nərimanov məsələsində də ziyalılarımızın ortaya qoyduğu mövqe onun bizim üçün, ölkənin gələcəyi baxımından nəyi ehtiva etdiyini açıq şəkildə gün üzünə çıxarır. Bunu yazmaqda məqsədim Nərimanova yalnız siyasətçi kimliyi ilə yanaşılmasıdır. Axı Nərimanov həm də yazıçı olub, aydınlanma tərəfdarı olub. Əl çəkin bu aydınlanmanı hansı tərəfdə tapdığından, əsas odur ki, özündən geriyə qalan ədəbi irsi dövrü etibarilə böyük önəm kəsb edir. Bu məsələnin bu qədər uzanmasının nədən qaynaqlandığını deyim: Biz günümüzdə baş verən proseslərə münasibət bildirə bilmirik, ona görə də tarixi baltalamaqla məşğuluq. Bu qədər sadə.

Ancaq bu qədər sadə olmayan məsələlər də var. Elə götürək Xətai rayonu 3 saylı uşaq evindəki qanunsuzluqları ifşa edən gəncin psixiatriya xəstəxanasına yerləşdirilməsini. Bu o deməkdir ki, ölkəmizdə həqiqəti dilə gətirmək üçün dəli olmalısan. Gəlin biz də özümüzü dəliliyə vuraq və düşünək, kiçiyindən böyüyünəcən uşaq bağçalarında, körpələr evlərində illərdən bəridir hökm sürən özbaşınalıqlardan hər birimizin xəbəri yoxdurmu? Bilmirikmi ki, körpələr evinə gələn ətin suyudur uşaqlara çatan? Bilirik, niyə bilmirik, sadəcə “nəyimə lazımdır” düşüncəsinin əsirinə çevrilmişik və bu əsirlikdən qurtulmaq üçün dəli damğası yeməyi gözə almırıq.

Hadisə haqqında söz-söhbət səngiməmiş bu gün də gözümüzü yeniyetmənin yerləşdirildiyi psixiatriya xəstəxanasının baş həkiminin onun heç bir psixoloji problemi olmadığı ilə bağlı verdiyi açıqlamadan sonra səhiyyə naziri tərəfindən vəzifəsindən azad edilməsi xəbəri ilə açdıq. Yenə soruşuram, təəccübləndik? Əlbəttə, xeyr. Çünki biz bilirik, mövcud şəraitdə kimlər kimlərlə hansı kirli münasibətlər sistemi ilə bağlıdır, kim kimdən nəyə görə asılıdır, kimdə kimin “xətalar məcəlləsi” var. Belə bir şəraitdə, yəni baş həkimin məlum açıqlamasını verdikdən sonra vəzifəsindən azad olunmasını da səhiyyə nazirinin naşılığı kimi qəbul edirəm. Buna bizim tərəflərdə “özünü yandırma” deyilir. Maraqlıdır, bu günə qədər “yaş həddi” yada düşməyən baş həkimin yaşı niyə xatırlandı?!

Çox uzatmayım, bunlar artıq bizim üçün normal şeylərdir. Başqa ölkələrdə dövlət kartından 2 avroluq alış-veriş edən nazir haqqında məhkəmə qurulur, bizim ölkədə milyonlar mənimsəyənlərin əmlakları özlərinə qaytarılır. Nə deyim, Ali Məhkəmənin yeni sədrinə “İnam”ımız böyükdür(?)

COP29

www.yenicag.az

1123
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv