Kifayət qədər sənədsiz torpaq əldə etmiş insanlar var ki, həmin ərazilərdə ev də tikiblər.
Yenicag.az xəbər verir ki, qanunsuz tikilən evlərlə bağlı hüquqşünas Samir Şərifov bu mülk sahiblərini sonradan nə gözlədiyindən danışıb. O, bildirib:
“Heç bir sənədi olmayan torpaq sahəsində tikintiyə də icazə verməyəcəklər. Dolayısı ilə həmin əmlak üzərində sərəncam vermək hüquqlarının yaranması qeyri-mümkün olacaq. Gələcəkdə nə həmin torpaq sahəsini sata biləcəklər, nə də girov qoya biləcəklər”.
Ekspertlər hesab edir ki, məsələ ilə bağlı cəza tədbirlərinin görülməsi hələlik real görünmür.
Ekspert Ramil Osmanlı bunun artıq xaotik vəziyyət aldığını beyib:
“Nəzarət etmək imkanları bir qədər məhduddur. Hesab edirəm ki, onları ucdan tutma sökmək olmaz, çünki belə tikililərin sayı 10.000-lərlədir”.
Problemin çıxış yoluna gəlincə isə…
Ekspert Ramil Osmanlı həmin torpaqların təyinatının dəyişdirilməli olduğunu bildirib:
“Üzərində inşa olunan fərdi yaşayış evlərinə sənəd verilməlidir ki, həmin mənzillərin alqı-satqısından dövlət büdcəsinə vergi ödəmələri həyata keçirilsin, mənzillərin qeydiyyatına görə dövlət büdcəsinə vəsaitlər daxil olsun və vergi ödəmələrindən yayına bilməsinlər”.
Hüquqşunas Samir Şərifov bildirib ki , inşa olunacaq tikilinin layihəsi işlənilib, göndərilir Rayon İcra Hakimiyyəti orqanlarına.
“3 gün ərzində vətəndaşa məlumat göndərilir. Yəni artıq 1 ay keçdikdən sonra vətəndaş həmin layihə əsasında tikinti apara bilər”.
Bir sözlə, özbaşına tikinti aparan şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etməmiş olur. Ona görə də yeni ev tikərkən öncə lazımi prosedurlar aparılmalıdır.
Nəticədə vətəndaş evinə sənəd almaqla həm gələcəyini sığortalayar, həm də büdcəyə əlavə gəlir gətirər.
www.yenicag.az