KMP iclasında növbəti konstitusiya işinə baxıldı
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin və Göyçay Rayon Məhkəməsinin müraciətləri əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin I hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu İş üzrə hakim Ceyhun Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin, Göyçay Rayon Məhkəməsinin müraciətlərini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmənin, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupu tərəfindən təqdim edilən mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin I hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər.
Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir.
Xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir.
Hüquqi müəyyənlik prinsipinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə məhkəmələr tərəfindən indeksasiyanın həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.