“Bacım uşaqları da Vaşinqtonda yaşayır. Zəng edib deyirlər ki, xala, bütün dostlarımızla bərabər pul verib konsertə bilet alacağıq, heç olmasa, az da olsa, öz borcumuzdan çıxaq. Çünki konsertdən yığılan pulların hamısı işğaldan azad olunan torpaqlarımızda minaların təmizlənməsində iştirak edəcək xilaskar itlərin alınmasına sərf olunacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Xalq artist Nəzakət Teymurova Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 3-də Vaşinqtonda baş tutacaq xeyriyyə konserti barədə danışarkən deyib.
“Neçə illər idi ki, xaricdə konsertlər verərkən “Qarabağ şikəstəsi”ni ağrı-acı ilə oxuyurdum, haray çəkirdim. Amma artıq torpaqlarımız işğaldan azad oulnub. Bu konsertdə ağrı-acı olmayacaq. Şəstlə, qürur və sevinc hissi ilə “Qarabağ şikəstəsi”ni ifa edəcəm. Bu gün doğma torpaqlarımızın tez bir vaxtda minalardan bütünlüklə təmizlənməsini arzulayıram. Ağdama getmişdim, öndə mina təmizləyənlər gedirdi, arxada mən. Bir yanlış addım həyatı təhlükəyə ata bilərdi. Buna görə də xeyriyyə konsertimizin məram və məqsədi məni xoşbəxt edir. Sevinirəm ki, heç olmasa, az da olsa, Vətən qarşısında borcum ödənər”.
Xanəndə konsertə biletlərin qiymətini də açıqlayıb:
“Biletlərin qiyməti 85-350 dollar civarındadır. Amerikada yaşayan bütün tələbələrim, tanıdıqlarım bu konsert barədə məlumatlıdırlar. Qeyd edim ki, mənimlə bərabər konsertdə böyük bir musiqi heyəti də çıxış edəcək. Bilirəm ki, bütün azərbaycanlılar bilet alıb o konsertə gələcək və toplanan vəsaitlə minaların təmizlənməsində iştirak edəcək xilaskar itlər alınacaq. Tezliklə minasız azad Qarabağımızda rahat yaşayacağıq”.
Cəvahir
www.yenicag.az