“Nəticələri tanıyanlar da, tanımayanlar da ortadakı reallıqla barışmaq məcburiyyətində qalacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Konstitusiya Məhkəməsinin 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqləməsindən sonra ölkədə seçki mübahisələrinin səngimək ehtimalını dəyərləndirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.
Qabil Hüseynli hesab edir ki, Konstitusiya Məhkəməsinin bu qərarı seçki emosiyalarını tədricən “soyudacaq”:
“Açığı, bu barədə indidən qəti bir fikir söyləmək çətindir. Çünki seçkilərin nəticələri ilə bağlı narazılıqlar var və bu səpkidə etirazların davam etdiyini görürük.
Çox sayda deputatlığa namizəd seçkilərin nəticələrini tanımaq niyyətindən çox uzaqdır. O baxımdan, bu mübahisələrin nə qədər davam edəcəyi qeyri-müəyyən qalır.
Amma mənə elə gəlir ki, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini təsdiqləməsindən sonra “daşlar yerinə oturacaq”. Nəticələri tanıyanlar da, tanımayanlar da ortadakı reallıqla barışmaq məcburiyyətində qalacaq”.
Aqil Bəkir
www.yenicag.az