“Kontakt Home” adından fəaliyyət göstərən səhifə insanları BELƏ ALDADIR – ŞİKAYƏT/YENİLƏNDİ
Son vaxtlar sosial şəbəkələrdə “Kontakt Home” mağazalar şəbəkəsinin adı ilə yaradılan saxta profillər vasitəsilə vətəndaşların aldadılması halları artmaqdadır.
Yenicag.az-a daxil olan şikayətdə bildirilir ki, bu səhifələr rəsmi görünüş yaradaraq onlayn alış-veriş kampaniyaları və müxtəlif endirimlər təklif edir, lakin vəd edilən məhsullar heç vaxt göndərilmir, əvəzində, vətəndaşlardan ödənişlər toplanır. Aldadılan şəxslər isə həm maddi, həm də mənəvi zərərə məruz qalır.
Şikayətçilər ən çox “Kontakt Home” brendindən sui-istifadə hallarına qarşı şirkət tərəfindən hər hansı rəsmi açıqlamanın və ya xəbərdarlığın edilməməsindən narahatdırlar. Onların sözlərinə görə, nə “Kontakt Home”un rəsmi səhifələrində, nə də vebsaytında bu tip feyk profillərlə bağlı ictimai maarifləndirmə aparılmır. Bu isə daha çox insanın eyni tələyə düşməsi ilə nəticələnir.
Şikayətçilər söyləyiblər ki, yaradılan feyk səhifənin izləyici sayının və paylaşımlarının yüksək olması istehlakçıları çaşdıran və tələyə salan əsas amillərdən biridir. Vətəndaşlar hesab edirlər ki, şirkətin bu məsələyə laqeyd yanaşması müştəri hüquqlarının qorunması baxımından ciddi suallar doğurur. Onların fikrincə, müasir dövrdə sosial şəbəkə fırıldaqları geniş yayıldığından, tanınmış brendlərin bu kimi hallarla mübarizədə daha aktiv mövqe sərgiləməsi zəruridir. Əks halda, həm istehlakçılar zərər görür, həm də şirkətin nüfuzu ciddi şəkildə zədələnir.
Şikayətçilər “Kontakt Home” rəhbərliyindən məsuliyyətli və təxirəsalınmaz tədbirlər görməyi gözləyir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
***
Qeyd edək ki, şikayətlə ilə bağlı “Kontakt Home” şirkəti ilə əlaqə saxladıq. Şirkət əməkdaşı bildirdi ki, sözügedən məsələ ilə bağlı rəsmi “Instagram” səhifəsində məlumat paylaşılıb. Həmin məlumatlarda yalnız rəsmi səhifəyə etibar edilməli olduğu və “Kontakt Home” adından açılan digər səhifələrin saxta olduğu barədə ictimaiyyətə xəbərdarlıq edilib.