Koronavirus bu “bazar”ı da bağlayıb: “Mənzillərin günlük kirayəsinə tələbat sıfır həddindədir” – Elnur Fərzəliyev
“Turistlər oteldən fərqli olaraq, evdəki mətbəxdən istifadə etməklə, restoran xərclərini də xeyli azaldırlar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında gündəlik kirayə mənzillərlə bağlı mövcud vəziyyəti şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.
Elnur Fərzəliyevə görə, ölkəmizdə günlük kirayə mənzillərə daha çox turistlər üstünlük verirdilər. lakin koronavirus pandemiyası bu tələbata ciddi təsir edib:
“Pandemiya dövrünə qədər mənzillərin gündəlik kirayəyə verilməsi gəlir gətirən bir sahə kimi qiymətləndirilə bilərdi. Gündəlik mənzillərin bir günlük orta qiyməti təqribən 25-500 manat civarında dəyişirdi.
Ən ucuz qiymətə olanlar mərkəzdən kənar, orta qiymətə normal şəraitli 1 otaqlı mənzillər, ən baha qiymətə olanlar isə villalar, yeni tikili binalardakı tam şəraitli çoxotaqlı mənzillərdir. Ümumiyyətlə, bu sahəyə tələbat turizmin inkişafından sonra başladı”.
Ekspert qeyd edib ki, otellərdə yerlərin məhdudluğu və qiymətlərin bahalığı səbəbindən, paytaxta gələn qonaqlar və xüsusilə də Şərq ölkələrindən olan çoxnəfərlik ailələr gündəlik kirayəlik mənzillərə daha çox üstünlük verirlər:
“Çünki beş nəfərlik bir ailənin otelə yerləşməsi azı 200 manat xərc tələb edirsə, gündəlik kirayəlik mənzildə bu xərc 80-100 manat arasındadır. Eyni zamanda, turistlər oteldən fərqli olaraq, evdəki mətbəxdən istifadə etməklə, restoran xərclərini də xeyli azaldırlar.
Bu sahə daha çox rieltorların və turizm şirkətlərinin məşğul olduqları bir sahədir. Lakin koronavirus pandemiyası nəticəsində ölkədaxili səfərlərin məhdudlaşdırılması və xarici ölkələrlə sərhədlərin bağlanması bu sahəyə olan təlabatı sıfıra endirib”.
Günlük kirayə evlərlə bağlı əsas problemlərə də toxunan Fərzəliyev vurğulayıb ki, kirayə verənlə kirayə götürən arasında rəsmi müqavilənin imzalanmaması tərəflər üçün müyyən mübahisələrə də yol açır:
“Həmin evlərin icarə müqavilələri əksər hallarda rəsmi qaydada bağlanmır. Nəticədə o mənzillərdə hər hansısa bir kriminal hadisə baş verdikdə, ev sahibi ilə evi kirayələyən rieltorun da məsuliyyətə cəlb edilməsi mümkündür.
Gündəlik mənzillərin kirayəsi bütün ölkələrin praktikasında mövcuddur və həmin mənzillərin xüsusi elan saytları var. O saytlar vasitəsilə istənilən vətəndaş istədiyi ölkədə gündəlik mənzil kirayələyə bilir. Ölkəmizdə də bu cür saytın yaradılması vətəndaşların seçim imkanlarını genişləndirərdi”.
Gülşən Şərif