Məleykə Abbaszadəyə REAKSİYA: "100 şagirddən 100-ü də repetitora gedirsə, hansı dərslikdən danışırsınız?"

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə şagirdlərin repetitora ehtiyac duymamasının mümkün olduğunu bildirib. Onun sözlərinə görə, DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir və əgər şagird nizam-intizamlıdırsa, müstəqil şəkildə öz üzərində işləməyi bacarırsa, əlavə hazırlığa ehtiyac qalmır.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov isə bu fikirlə razılaşmadığını bildirib. Onun sözlərinə görə, Məleykə Abbaszadə uzun illər dərsliklərin monitorinqini aparan qurumun rəhbəri kimi dərsliklərin real vəziyyətini çox yaxşı bilir:

“Məleykə xanım özü uzun müddət dərsliklərin bu qədər bərbad olması ilə mübarizə aparan şəxslərdən biridir. Tək özü yox, rəhbərlik etdiyi qurumla birlikdə bu problemləri dəfələrlə qaldırıb. Amma təəssüf ki, Dövlət İmtahan Mərkəzinin dərsliklərlə bağlı verdiyi təkliflər nəzərə alınmadı. Görünür, sonda DİM də bu mübarizədən yoruldu”.

Ekspert qeyd edib ki, bu gün dərsliklərin hazırlanma prosesi təhsil məqsədlərinə deyil, biznes maraqlarına xidmət edir:

“Dərslik mənbədir və yüksək peşəkarlıqla hazırlanmalıdır. Burada pedaqoji, psixoloji və metodiki mexanizmlər nəzərə alınmalıdır. Amma bizdə dərslik hazırlığı artıq sırf biznes xarakteri daşıyır. Bu gün dərsliklərin bərbad olmasının nəticəsidir ki, uşaqlar birinci sinifdən repetitor yanına gedirlər. Ali məktəbə qəbul olunan hər yüz nəfərdən yüzü repetitor yanına gedib. Bu dərsliklərlə, bu proqramla ali məktəbə hazırlaşmaq mümkün deyil”.

O, dərsliklərin hazırlanmasına birbaşa cavabdeh olan qurumlara da irad bildirib:

“Dərsliklər Elm və Təhsil Nazirliyinin komissiyaları tərəfindən hazırlanır və bu prosesə Təhsil İnstitutu məsuliyyət daşıyır. Təhsil İnstitutunun rəhbər heyətinin, yaxud direktorunun təhsillə bağlı elmi-pedaqoji araşdırması varmı? Nazirliyin özünün bu sahədə tədqiqatı varmı? Təhsil İnstitutu imtahanlar, layihələr həyata keçirməklə və dövlət büdcəsini xərcləməklə məşğuldur. Dərsliklər əsasən repetitor müəllimlərə yazdırılır. Repetitor psixologiyasında isə əsas məqsəd qısa müddətdə çox informasiya ötürməkdir. Bu səbəbdən dərsliklərdə dövlət standartlarının tələb etdiyi məlumat xarakterli, yorucu informasiyalar üstünlük təşkil edir”.

Elşən Qafarov vurğulayıb ki, dərsliklərin keyfiyyətsizliyi artıq hamıya bəllidir:

“Bu gün nə valideyn, nə şagird, hətta dərsliklə dərs deyən müəllimlərin özləri belə dərsliklərin nə qədər bərbad olduğunu yaxşı bilirlər. Sistemdə boşluq yoxdur, sistem başdan-ayağa boşdur”.

Ekspert problemin həlli ilə bağlı da təkliflərini açıqlayıb:

“Nə qədər ki təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edəcək, problem davam edəcək. Təhsil sisteminin idarə edilməsinə təhsili bilən, təhsil fəlsəfəsini anlayan insanlar gətirilməlidir. Ondan sonra dərsliklər, təhsil proqramları, kadr hazırlığı və digər məsələlər qaydaya salına bilər. Əks halda bu böhran davam edəcək”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa