Koronavirus pandemiyasının ən çox yayıldığı ölkələrdən biri olan İranda ölənlərin sayı artıq 2 min 750 nəfəri keçib.
Yenicag.az xəbər verir ki, İranda koronavirusdan ölənlər arasında ölkənin dini-hərbi-siyasi elitasına daxil olan 17 yüksək məqamlı şəxs də var. Məlumata görə, bu kateqoriyaya aid statuslu məmurlardan daha 13 nəfəri koronavirusa yoluxub.
Qeyd olunur ki, martın 11-də ölkənin birinci vitse-prezidenti İsak Cihangiri, turizm naziri Əli Əsgər Munesan və İran Məsləhət Şurasının üzvü Məhəmməd Əli İrəvaninin koronavirusa yoluxduqları aşkarlanıb.
Koronavirusa yoluxanlar arasında vitse-prezident Məsumə Ebtekar, səhiyyə nazirinin müavini İrəç Hərirçi , sənaye, mədən və ticarət naziri Rza Rəhmani, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi, İran İnqilab Keşikçiləri Korpusunun qurucularından olan Həbib Bərzegari və millət vəkili Həmid Kəhramda var.
Xəstəliyə yoluxaraq ölən İran Ekspertlər Şurasının üzvü Seyid Həşim Bəthayi ölümündən əvvəl dünyada koronavirus pandemiyasının yayılmasına görə ABŞ-ı günahlandırmışdı: “Fikrimcə, bu ABŞ-ın oyunudur. Amerikada bu virus yaradıldı və Çin onu bütün dünyaya yaydı”.
Koronavirusun həyatına son qoyduğu İran parlamentinin sabiq vitse-spikeri Məhəmməd Rza Hatəmi isə 1979-cu ildə ABŞ səfirliyinin ələ keçirilməsində və 52 nəfərin girov götürülməsində iştirak etmiş fiqurdur.
Onlardan başqa, İran İnqilab Keşikçiləri Korpusunun komandanlarından olan Nəsir Şabani və Hüseyin Əsədollahi, parlamentin deputatı Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi, İran xarici işlər nazirinin müşaviri Hüseyn Şeyxülislam da koronavirusa yoluxaraq, həyatlarını itiriblər.
Rufina Əlizadə
www.yenicag.az