Kreditlər hansı məzənnə ilə qaytarılacaq?
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı əhali arasında kəskin reaksiyalara səbəb oldu. Belə ki, 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edildi. Əksər insanlar bütün malların bahalaşaçağını, xüsusilə də ərzaqların qiymətlərində artımın olacağını gözləyir. Digər tərəfdən əhali banklardan xeyli miqdarda kredit götürüb. Məlum olduğu kimi kifayət qədər vətəndaş banklardan məhz dollarla kredit əldə edib.Belə olan halda vətəndaşın krediti hansı məzənnə ilə ödəməsi sual altındadır.
Advokat Hüquq Şirkətinin direktoru Xanlar Xoca Yenicag.az-a açıqlamasında məsələni belə izah etdi: “Dollarla kredit götürmüş vətəndaşları bu gün onun necə ödəniləcəyi narahat edir. Həmin vətəndaşlardan bir nüansa diqqət yetirsinlər. Əgər 1 dollar 1.05 yox, 0.50 AZN olsaydı onda yəqin ki, kredit alan narahat olmaz, əksinə sevinərdi. Bank da heç nə tələb etməzdi, əks halda vətəndaş möhürlü ödəniş cədvəlini ortaya qoyub məhkəmədə iddia qaldırardı. İndi də vəziyyət o cürdür”. “Bank qarşısında müddətin sonuna kimi məsələn 10 000 dollar kredit alıb 12 000 dollar ödəmək öhdəliyi götürmüş vətəndaş həmin 12 000 dolları da ödəməlidir. Bank öz dollar ehtiyatından kredit buraxıb, onu qaytarıb yerinə qoymalıdır. Ona görə də milli valyutamız manat olsa da, bank hansı valyuta ilə krediti veribsə o valyuta ilə də geri tələb etməkdə haqlıdır. Məntiqi cəhətdən də belədir. Özümüzü bankın yerinə qoyub düşünək, əgər biz dollarla borc verdiyimiz adamdan pulu indi manatın köhnə məzənnəsilə alardıq? Təbii ki, xeyr. Mülki Məcəllənin 439.2-ci maddəsində də göstərilir ki, “Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır”. MM-nin 439.7-ci maddəsində isə bildirilir ki, “Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir.” Burada öhdəliyin əmələ gəldiyi vaxt dedikdə müqavilənin bağlandığı vaxt deyil, növbəti ödəniş vaxtı nəzərdə tutulur. Təbii ki, bu vətəndaşlarımız üçün pis xəbərdir, amma nəzərə alsaq ki, manatla olan kreditlərə görə banklar da bu cür acı xəbər alıblar, onda hesab 1-1 olur”.
İqtisadçı Rəşad Həsənov isə hazırki duruma bu cür münasibət bildirdi: “Mərkəzi Bankın kəskin(33.4%) devalivasiya qərarı haqlı olaraq vətəndaşlarda çoxlu suallar doğurub. Bunlardan biri məlum günədək vətəndaşların xarici valyuta ilə götürdükləri kreditlərin hansı məzənnə ilə geri qaytarılacağı ilə bağlıdır. Təəssüflə qeyd etməliyəm ki, hazırki situasiyada qanunvericilikdə vətəndaşların narahatçılığını aradan qaldıracaq heç bir məqam yoxdur. Yəni vətəndaş ödənişi krediti hansı valyuta ilə əldə etmişdisə o valyuta ilə də geri qaytarmağa məhkumdur. Çünki, qanunvericilk bu halın baş verməməsini kredit müqavilələrində hansısa əlavə qeydin( məsələn: kredit müqaviləsinin qüvvədə olduğu müddətdə rəsmi məzənnə dəyişikləri kredit ödənişinin hazırki milli valyutada dəyər ifadəsinə tətbiq edilməyəcək) olması halında mümkün edir. Təbii ki, kredit müqavilələrində isə bu şərtin olmasını fors major hal kimi qiymətləndirmək olar. Çünki, vətəndaş əksər hallarda kredit alarkən sözün əsl mənasında banka minnətçi düşür. Belə olduqda isə öz hüquqlarını müdafiə edəcək şərtlərin bu müqavillələrdə əks etdirilməsini tələb etmək şansından məhrum olur. Və əminliklə qeyd etmək istərdim ki, əks halda bu vətəndaşa kredit verilmir… Beləliklə vətəndaşlar bu günədək əldə etdikləri kreditləri ya ödəniş gününə uyğun məzənnə ilə və yaxud kreditin götürüldüyü valyuta növü ilə ödəməlidir ki, hər iki hal eyni mənanı daşıyır. Əks fikirlər isə düşünürəm ki, hazırki situasiyada sosial gərginliyi sakitləşdirmək üçün ortaya atılmış iddialardır. Bəs siz fikirləşmirsiniz ki, əksər ölkə bankları nə üçün son 10 ildə manatın daimi möhkəmlənməsindən( 40%-dən artıq) milyonlar itirmək müqabilində yenədə ABŞ dolları ilə kreditlər verməyə üstünlük verirdilər. Çünki, banklar çox gözəl bilir ki, ABŞ dollarının ciddi devalivasiya edilməsi praktiki baxımdan daha az ehtimal edilir nəinki, sadəcə neft dollarlarına arxalanan manat. Bu hal həmçinin əmanətlər üçün də keçərlidir. Yəni vətəndaş əmanəti banka hansısa valyuta ilə yerləşdiribsə o valyuta ilə də bərabər həcmdə geri götürəcək və bu məqamda dollarla əmanət yerləşdirənlər hələlik udan tərəflərdir. Düşünürəm ki, son baş verənlər fonunda vətəndaşların əksəriyyəti əmanətlərini dollara konvertasiya etmək imkanı tapıb. Lakin, maraqlı məqamlardan biri ondan ibarətdir ki, manatla verilən kredit müqavilələrində bir çox hallarda kredit müqaviləsinin qüvvədə olduğu müddətdə Mərkəzi Bankın rəsmi uçot dərəcəsi 2%-dən artıq dəyişdikdə(yəni hazırki 3.5%-dən 5.5%-artarsa) və yaxud infilyasiya səviyyəsi müqavilə imzalandığı günlə müqayisədə 5% artdıqda müqavilə şərtlərinə yenidən baxma və ödəniş məbləğlərini indeksləşdirmə səlahiyyətini birmənalı şəkildə kredit verən təşkilata verir. Başqa sözlə növbəti günlərdə manatla verilmiş kreditlərin gözlənilən ikirəqəmli infilyasiyaya uyğunlaşdırılması təhlükəsi mövcuddur. Beləliklə, aydın olan odur ki, həm milli və həm də xarici vayuta ilə götürən vətəndaşlar ciddi çətinliklərlə üzləşəcək. Və düşünürəm ki, banklar tərəfindən vətəndaşlara edilən güzəşt ən yaxşı halda ödəmə müddətinin uzadılması şəklində olacaq”.
Kamran