“Təyyarənin “qara qutu”su açıldıqdan sonra faktlar üzə çıxacaq”.
Bu sözləri Yenicag.az-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Millət vəkili dekabrın 25-də Bakı-Qroznı aviareysini həyata keçirərkən qəzaya uğrayan təyyarənin vurulması haqqında Rusiya mətbuatında gəzən kompensasiya mövzusunu şərh edərkən bildirib.
Deputat qeyd edib ki, dövlətimiz qəzada istər zərərçəkmişlərə kompensasiya ödənilməsini, istərsə də həlak olanların dəfninin yüksək səviyyədə həyata keçirilməsini təmin edib:
“Məlum məsələdir ki, təyyarənin vurulması ilə bağlı artıq ortada müəyyən faktlar var. Hazırda cinayət işi davam edir, verilən məlumata görə “qara qutu”nun deşifrə edilməsi başa çatdırılaraq Qazaxıstana göndərilib. İstintaqın nəticələrinə görə, prosesin necə baş verdiyi gün üzünə çıxacaq. Əsas məqam isə ondan ibarətdir ki, Prezident İlham Əliyev qəzada vəfat edən ekipaj üzvlərinin ailələri və sağ qalan üzvlərlə keçirdiyi görüşdə birmənalı şəkildə təyyarənin Rusiya tərəfindən vurulması tam təsdiq etdi. Yəni təyyarəmizə zərər vurulub, çox sayda vətəndaşımız həlak olub”.
A. Nağıyevə görə, Rusiya bu günə qədər müxtəlif absurd versiyalar önə sürürdü:
“Azərbaycan dövləti isə istər zərərçəkmişlərə ödənən kompensasiya, istərsə də həlak olanların dəfni və mükafatlandırılmasını ən yüksək səviyyədə həyata keçirdi. Artıq təyyarəmizlə bağlı Rusiyanın kompensasiya ödəməli olması məsələsi gündəmdədir. Təbii ki, bütün bunların hamısı istintaq başa çatdıqdan və faktlar tam sübuta yetirildikdən sonra öz həllini tapmalıdır. Təyyarənin niyə, hansı səbəbdən vurulduğu, kimin hava məkanında və kim tərəfindən vurulduğu dünyaya bəyan edildikdən sonra günahkar tərəf həm zərərçəkmişlərə, həm də təyyarəni sıradan çıxardığı üçün bütün bunlara görə kompensasiya ödəməlidir”.
Deputat həmçinin Rusiyanın dövlət qurumlarının ölkələrinin kompensasiya ödəmək məcburiyyətində olmadığı iddiasına da tutarlı cavab verərək, qarşı tərəfin bu iddialarını əsassız və absurd hesab edib:
“Rusiya tərəfi bu gerçəklikləri inkar etməyə, eyni zamanda, hansısa sübutu olmayan absurd arqumentləri ortaya atmağa çalışsa da, bu proses yekunlaşdıqdan sonra kompensasiya ödənilməsi gerçəkləşməlidir”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb. İlkin qiymətləndirmələrə görə, qəza təyyarənin Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalması nəticəsində baş verib.
Nurlan Cəfəri
www.yenicag.az