Kremldən Azərbaycana ABSURD İSTƏK – Putin Ukrayna ilə Qarabağı niyə bir-birinə QARIŞDIRIR?
“Azərbaycan Rusiyanın bu tələbinə heç bir formada müsbət cavab verməməlidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında uzun illər Rusiyada yaşamış siyasi ekspert Fuad Abbasov bildirib.
Analitik Rusiyanın Ukrayna müharibəsində Azərbaycanın dəstəyini tələb etməsini şərh edib:
“Rusiyanın Azərbaycana Qarabağ haqqında xatırlatma etməsi heç də təsadüfi deyil. Çünki, Azərbaycan öz torpaqlarını işğalçıdan azad etdiyi dönəmdə Putinin “Qarabağ Azərbaycan torpağıdır və heç vaxt Ermənistanın olmayıb” açıqlamalarına qarşılıq olaraq indi Rusiya Azərbaycandan cavab açıqlaması gözləyir. Bu cavab açıqlaması Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə şamil edilə bilməz. Ona görə ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparır. Azərbaycanın bu işğalçı müharibədə Rusiyanı dəstəkləməsi, eləcə də Donetsk və Luqansk “xalq respublikaları”, Zaporojya və ya Stavropol, habelə Krımı Rusiya ərazisi kimi tanıması ölkəmizin 2020-ci ildə apardığı müharibə ilə ziddiyyət təşkil edir”.
F. Abbasov hesab edir ki, Rusiya Qarabağ müharibəsində Azərbaycanın suverenliyini tanımasının qarşılığını tələb etsə də, Azərbaycanın öz torpaqlarını azad etməsi ilə Rusiyanın işğalçı müharibəsini eyniləşdirmək düzgün deyil:
“2020-cu ildə hələ Ukrayna müharibəsi başlamamış, Azərbaycan öz torpaqlarını işğalçıdan azad etmişdi, amma 2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsində Rusiyanın işğalçı siyasətini dəstəkləmək, sanki bir növ ermənilərin Qarabağdakı işğalçı müharibəsini də dəstəkləmək anlamına gəlir. Buna görə də Rusiyanın tələbinə əsasən, Azərbaycanın Rusiyanı dəstəkləməsini qeyri-mümkün sayıram. Belə bir şeyin olması Azərbaycanın həm xarici siyasətinə, həm də Qərb ölkələri və bütün dünyadakı nüfuzuna ciddi ziyan vura bilər”.
Sonda F. Abbasov Azərbaycanın öz siyasi xəttinə uyğun siyasət aparmalı və Rusiyanın tələbinə müsbət cavab verməməli olduğunu bir daha vurğulayıb:
“Ola bilər ki, Rusiya Azərbaycanı öz müttəfiqi saysın, amma Azərbaycanın müstəqil siyasi xətti var və bu xarici siyasi xəttinə, o cümlədən bütün dünyada qəbul edilmiş beynəlxalq hüquqa uyğun olaraq ölkəmiz öz siyasətini yürütməlidir və heç bir şəkildə Rusiyanın işğal etdiyi əraziləri Rusiya torpağı kimi qəbul etməməlidir. Rusiyanın tələbi isə dünyada özünə daha çox tərəfdar toplamaq və Azərbaycanı da bu siyahıda görmək istəyidir. 9 mayda da bunu həyata keçirmək istədi, alınmadığı üçün indi növbəti cəhdi edir. Azərbaycan Rusiyanın bu tələbinə cavab verməsə, istər Rusiyada yaşayan azərbaycanlılara qarşı, istər Azərbaycandan Rusiyaya getmək istəyənlərə qarşı Rusiya təsir göstərməyə çalışacaq”.
Nurlan Cəfəri