“Kupçasız” evlərin sənədləşməsi hansı nəticəni verəcək?
Nüsrət İbrahimov: “Qiymətlər müəyyən qədər stabilləşəcək”
Ramil Osmanov: “Bu addım əmlak bazarında ciddi şəkildə dəyişiklikyə, qiymət artımı və ya azalmasına gətirməyəcək”
Bu günlərdə ölkə prezidenti tərəfindən sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı Fərman verildi. Bu halda maraqlıdır görəsən, sənədsiz evlərin sənədləşməsi prosesi baş versə, bu daşınmaz əmlak bazarına nə vəd edəcək?
NBA Konsaltinq Şirkətinin sədri Nüsrət İbrahimov Yenicag.az-a açıqlamasında bu qənaətdədir ki, sözügedən addımın atılması daşınmaz əmlak bazarında qiymətlərin müəyyən qədər stabilləşməsinə səbəb olacaq: “Fərmanda göstərilir ki, vətəndaşın hüququ təsdiq edən hər hansı bir ilkin sənədi varsa, o halda vətəndaş əmlak hüququnu tanıtdıra bilər. Amma sənədsiz evlər o deməkdir ki, ümumiyyətlə, nə torpaq sahəsinə, nə də tikili üzərində heç bir sənədi yoxdur. Ona görə də fərmana aid olan evlər məhz natamam tələbli evlər siyahısına daxildir. Onların da sənədləşdirilməsi bazarın tutumuna, portfelin artmasına, risqlərin azalması və qiymətlərin də müəyyən qədər stabilləşməinə kömək edə bilər”.
Mənzil bazarı üzrə ekspert Ramil Osmanlı düşünür ki, daşınmaz əmlak bazarında dinamika müəyyən qədər artacaq: “Həmin sənədsiz evlərin əksər hissəsi alqı-satqı, girov, notarial əməliyyatlarından kənarda qalıb. Yəni onları indilikdə bu proseslərə cəlb etmək olmur. Belə bir qərar olarsa, həmin evlər sənədləşdirilərsə, bu təbii ki, həm o evlərin alqı-satqısına müəyyən şərait yaradacaq, eyni zamanda, həmin ev sahiblərinə mənzillərdən sadəcə sığınacaq yeri kimi deyil, həm də müəyyən investisiyaların cəlb olunması, müəyyən sahibkarlıq fəaliyyətilə məşğul olunmaları baxımından da girov kimi istifadə etməyə imkan verəcək. Amma bu addım da əmlak bazarında ciddi şəkildə dəyişikliklərə, qiymət artımı və yaxud azalmasına gətirməyəcək. Bu baxımdan düşünmürəm ki, burada konkret qiymət dəyişməsi baxımından, yaxud alqı-satqı həcminin artımından hər hansı bir formada söhbət getsin”.
Rüfət