“Qərb kürdlərə görə Türkiyə, İran və İraqla toqquşmaq niyyətində deyil”.
Politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında İraqın şimalındakı kürd muxtariyyətinin lideri Məsud Bərzaninin istefasından sonra bölgədə cərəyan edəcək mümkün prosesləri dəyərləndirib:
“Əslində, Bərzani klanının idarəçiliyində olan kürd muxtariyyətində müstəqillik referendumunun elan edilməsi və keçirilməsi açıq-aşkar avantüra idi. Siyasətin öz qaydaları var və onların pozulması ağır nəticələrə aparır.
Bərzani də müstəqillik referendumunu daha çox rəqib Tələbani klanı ilə mübarizədə mövqelərini gücləndirmək üçün keçirirdi. Ancaq siyasi reallıqları qiymətləndirməyə onun savadı çatmadı.
Referendumdan əvvəlki açıqlamamda da demişdim ki, bu addım kürdlərin, indi onlara liderlik edən Bərzaninin məğlubiyyəti ilə nəticələnəcək.
Bərzani regionun əsas ölkələri olan Türkiyə ilə İranın xəbərdarlıqlarını qulaqardına vurdu və bunun cəzasını çəkdi. O, başa düşmədi ki, Türkiyə, İran və İraqın etiraz etdiyi məsələni müsbət nəticələndirə bilməz.
Yekunda nə baş verdi? İraqın mərkəzi hakimiyyəti Türkiyə və İranın dəstəyi ilə hərbi əməliyyatlara başladı və kürd muxtariyyəti üzərində öz suverenliyini bərpa elədi.
Qərb də bu məsələyə müdaxilə edə bilmədi – çünki Qərb kürdlərə görə Türkiyə, İran və İraqla toqquşmaq niyyətində deyil.
Artıq Bərzani istefa verib və onun yerinə klanın başqa təmsilçisi keçib. Hesab edirəm ki, bundan sonra kürdlərin müstəqillik avantürası təkrarlanmayacaq. Hətta təkrarlansa belə, onun nəticəsi indiki kimi olacaq.
Yəni Türkiyə, İran və İraq bölgədə müstəqil kürd dövlətinin yaradılmasına birmənalı şəkildə imkan verməyəcək. Lakin düşünürəm ki, kürd muxtariyyəti saxlanılacaq”.
A. Zeynalov
www.yenicag.az