“Latın Tramp”, yoxsa postmodern diktator? – Nayib Bukele Ağ Evdə NƏ DANIŞDI?

media-hightechnic-468x90

Son illər Latın Amerikası siyasi xəritəsində qeyri-ənənəvi liderlərin meydana çıxması və siyasi elitanın köhnə simalarının kənarlaşdırılması müşahidə olunur. Bu yeni dalğanın önündə gedən fiqurlardan biri də El Salvadorun 43 yaşlı prezidenti Nayib Bukeledir. O, yalnız El Salvadorun siyasi həyatında deyil, bütün qitədə mövcud status-kvonu sarsıdan liderlərdən biri kimi qəbul olunur.

Bukele 2019-cu ildə prezident seçiləndə El Salvador Latın Amerikasının ən kriminal və idarəolunmaz dövlətlərindən biri hesab olunurdu. “Mara Salvatrucha” kimi məşhurlaşan cinayətkar qrupların, xüsusilə MS-13 və “Barrio 18”-in kölgəsində qalan El Salvador xalqı siyasi populizmdən uzaq, real nəticələr tələb edirdi. Bukele isə tam da bu ehtiyacın cavabı oldu.

1981-ci ildə El Salvadorda Fələstin əsilli bir ailədə dünyaya gələn Bukele üçün siyasət ailə mirası deyildi. Atası Armando Bukele Orta Amerika ictimaiyyətində həm jurnalist, həm də intellektual kimi tanınırdı. Xristian olan ata 1980-ci illərdə İslama keçərək, öz ailəsinə müsəlman adları verdi. Nayib Bukelenin bu müxtəlif kimliklərə söykənən mənşəyi onu yalnız Salvador üçün deyil, region üçün də fərqli və daha çevik liderə çevirirdi.

Prezidentliyə seçildikdən sonra Bukelenin qarşısında duran ən böyük vəzifə ölkədəki kriminallığın qarşısını almaq idi. 2022-ci ildə cinayətkar qruplara qarşı sərt hərbi əməliyyatlar başlatdı. “Qanuni ov” adlandırılan bu kampaniya nəticəsində 3 il ərzində təxminən 75 min insan həbs olundu ki, bu da ölkə əhalisinin 1 faizinə bərabərdir. Bukele tərəfindən inşa edilən və ABŞ-nin “Quantanamo” həbsxanası ilə müqayisə edilən “Terrorçular üçün xüsusi mərkəz” bu mübarizənin simvoluna çevrildi.

Doğrudur, Bukelenin bu siyasəti beynəlxalq insan hüquqları təşkilatları tərəfindən sərt tənqid olunsa da, yerli əhali və region xalqları arasında ona olan rəğbəti artırdı. Çünki El Salvador bir neçə il ərzində dünyanın ən təhlükəli ölkələrindən biri olmaqdan çıxaraq, Latın Amerikasının ən təhlükəsiz dövlətlərindən birinə çevrildi.

Nayib Bukelenin siyasətinə heyran olan şəxslərdən biri də ABŞ prezidenti Donald Trampdır. Tramp Bukele ilə görüşdə açıq şəkildə el salvadorlu həmkarını tərifləmiş, onun sərt metodlarını və nəticəyönlü siyasətini dəstəkləmişdi. Trampın miqrasiya siyasətinə ilham verən modellərdən biri də Bukelenin kriminal və sosial nizam yaratmaq siyasəti olmuşdur. Bu səbəbdən bəzi analitiklər Bukeleni “Latın Tramp” adlandırır, amma onun Trampdan daha texnokrat, daha rasional və müasir olduğunu da vurğulayırlar.

Bukelenin uğuru Latın Amerikasında siyasi sistemə inamın azaldığı bir dönəmdə ənənəvi siyasi partiyalara alternativ axtaran xalqlar üçün alternativ modelə çevrilib. O, nə sağçıdır, nə solçu – özünü “post-ideoloji lider” kimi təqdim edir. Bu, həm də gələcəyin siyasətinə dair siqnaldır: yəni xalqlar daha çox nəticə istəyir, vədlər deyil. Bukelenin qalibiyyətinin arxasında təkcə sərt güc deyil, həm də sosial medianı effektiv istifadə etməsi dayanır. O, prezident sarayından çox “Twitter” (indiki X) vasitəsilə idarəçilik aparır və birbaşa xalqa müraciət edərək, siyasi vasitəçiləri aradan çıxarır. Bu isə onu qlobal populist liderlər sırasına çıxarır. Lakin bütün bunlara baxmayaraq, onu postmodern diktator adlandıranlar da az deyil.

Analitiklər isə hesab edirlər ki, Nayib Bukele təkcə El Salvadorun prezidenti deyil, həm də XXI əsrin siyasi eksperimentlərinin canlı nümunəsidir. Onun uğuru və uğursuzluğu yalnız bir ölkəni deyil, bütün regionu və bəlkə də dünya siyasətini təsirləndirəcək gücdədir. Gənc, qərarlı və köhnə sistemə qarşı olan Bukele yeni nəsil liderlərin təmsilçisidir və bu yeni siyasət nizamında onun adı artıq tarixə yazılıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600