Yeniçağ.Az “7news.az”a istinadən xəbər verir ki, bu günlərdə Rusiya XİN rəhbəri Sergey Lavrovun azərbaycanlı jutnalistin sualına verdiyi cavab haqlı olaraq cəmiyyətimizdə narazılıqla qarşılanıb.
Bu sözləri Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, icmalçı Azər Verdiyev deyib: “Heç kəsə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həllində 3 açar varsa biri və ən önəmlisi Rusiyadadır. Azərbaycanla strateji tərəfdaş olan Rusiyanın XİN rəhbərinin söylədiyi fikirlər isə birmənalı şəkildə qınanmalıdır. “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil” fikrini Lavrov hansı curətlə söyləyib? Bu təsadüfdür, yoxsa yeni siyasi oyuna keçiddir? Hesab edirəm XİN rəhbərinin dediyi heç bir fikir təsadüfi deyil. Lavrov kifayət qədər peşəkar diplomatdır. O, çox gözəl başa düşür ki, dediyi hər söz diqqətlə izlənilir. Belə olan təqdirdə Lavrovun antiazərbaycan çıxışı onu deməyə əsas verir ki, ortada yeni siyasi oyun planı cızılır. Bundan başqa Lavrovun erməni sevdası da heç kimə sirr deyil. Adam qəti şəkildə erməni maraqlarının müdafiəsində dayanıb. Bu adamdan zatən başqa bir yanaşma da gözləmək yalnışlıq olardı. Ancaq bir daha deyirəm ki, Lavrov Rusiyanın ən ali, rəsmi nümayəndəsidir. Onun dediyi hər söz həm də təmsil etdiyi ölkənin mövqeyini sərgiləmiş olur. Hesab edirəm Rusiya bu məsələ ilə bağlı rəsmi mövqe bildirməlidir”.
Yeniçağ.Az
www.yenicag.az