“Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyə səfərində başlıca mövzulardan biri düşünürəm ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan özlərini qorumaq yollarının tərəflər arasında müzakirə edilməsi olacaq”.
Bu sözləri Rusiya XİN rəhbərinin Türkiyəyə gözlənilən səfərinin məqsədlərini şərh edərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib:
“Türkiyə ilə Rusiya arasında strateji tərəfdaşlıq davam edir. Onlar arasında bir çox məsələlərdə əməkdaşlıq mövcuddur. Müzakirə ediləcək mövzular arasında Suriya məsələsi var, Astana prosesi də davam edir. Bununla belə düşünürəm ki, Sergey Lavrovun bu səfəri gedişində daha çox Vaşinqtonun Ankaraya qarşı sanksiyalar mövzusu müzakirə predmeti olacaq. Nə qədər ki, ABŞ Ankaranı sıxışdırmağa çalışır, Türkiyə bir o qədər ondan uzaqlaşıb Rusiyaya yaxınlaşır. Bu həmçinin Rusiyanın da marağına uyğundur. Ona görə Moskva Ankaraya belə vədlər verə bilər ki, ABŞ nə qədər çox sıxışdırsa da, Rusiya onu dəstəkləyəcək. Bu istiqamətdə də Ankarada bəzi danışıqlar aparıla bilər. Hazırda unikal bir durum yaranıb. Keçmişin müttəfiqləri olan Türkiyə ilə ABŞ-ı indi müttəfiq adlandırmaq həqiqətən çətindir. Aralarında o qədər gərgin mövzular var ki, onun biri də Rusiya ilə Türkiyə arasında yoxdur. Ruslarla türklər arasında gərginlik yarananda da onu qısa zamanda həll etdilər. Məsələn, Türkiyə Rusiya təyyarəsini vuranda 1 ilə yaxın münasibətlər son dərəcədə gərgin oldu. Amma Ərdoğan üzrxahlıq məktubu yazdı, Putin Ankaraya gəldi, yenə də əvvəlki dostluq bərpa olundu. ABŞ-la isə bu cür alınmır, əksinə onunla gərgin mövzuların sayı artır. Hansısa problemi həll etmək istəyəndə də, razılığa gəlsələr belə sonradan başqa qüvvələr – Konqres, Senat yenidən onu pozur. Rusiya və Türkiyədə bu məsələlərə bir nəfər qərar verir. Amerikada isə sistem fərqlidir. Tramp Ərdoğanla nə qədər yaxınlaşsa da, Konqres və ətrafı ilə hesablaşmalıdır. Görünür, Lavrovun səfəri gedişində ABŞ-ın Türkiyəyə yönəlik sanksiyaları məsələsi də müzakirə olunacaq. ABŞ eyni zamanda, Rusiyaya, habelə İrana qarşı da sanksiyaları sərtləşdirir. Nəticədə üç qonşu dövlətdə milli pul vahidləri sürətlə dəyərdən düşür. Bu səbəbdən düşünürəm ki, Lavrovla Çavuşoğlu arasında ABŞ sanksiyalarından özlərini qorumaq məsələsi ətrafında da müəyyən fikir mübadiləsi aparıla bilər”.
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov avqustun 13-14-də Türkiyəyə səfər edəcək. Onun Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə bir araya gələcəyi və səfirlərin görüşündə çıxış edəcəyi planlaşdırılır.
ELÇİN