Ötən günlərdə sosial şəbəkələrdə yayılan məsələlərdən biri də liseylərə qəbul zamanı soruşulan suallardır. Belə ki, 6-8 yaşlı uşaqlara çox ağır suallar verilir, hətta yetkin insanlar belə həmin sualları cavablandırmaqda çətinlik çəkir. Məsələn, bugünlərdə Bakı Avropa Liseyinə imtahanda 7 yaşlı uşaqdan soruşulub ki, insanlar işıq saçsaydı, nə olardı? Bu yaşda uşaq bu sualın fəlsəfəsini necə anlasın?
Burada insanların ağlına bir sual gəlir. Liseylər az şagird qəbul olunsun deyə belə edirlər? Təhsil Nazirliyi niyə belə sualların hazırlanmasına heç nə demir?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, müvafiq olaraq liseylərə qəbul müsahibə və müsabiqə əsasında keçirilir:
“Əlbəttə, burada diqqət yetiriləcək məqam ondan ibarətdir ki, şagirdlərin yaşı, yaş psixologiyası və dünya görüşü nəzərə alınsın. Düzdür, bəzi inkişaf etmiş ölkələrdə həmin yaşda uşaqlara liseylərə qəbul zamanı açar sözlər təqdim olunur. Amma biz bilirik ki, bizim cəmiyyətdə bu, ideal hesab olunmur.
Məncə, şagirdlərə daha asan, öz biliklərinə uyğun suallar verilməsi məqsədəuyğun olar.
Qeyd etdiyiniz məqam Bakı Avropa Liseyində baş verib. Doğru yanaşma deyildi. O yaşda uşağa belə bir sual verilməməliydi. Daha elementar suallar verilə bilərdi.
Şagird mərhələ-mərhələ gəlir, sonda isə belə bir suala görə qəbul ola bilmir. Bu problem uşaqda psixoloji təsir də yaradır”.
Şahanə Paşa
www.yenicag.az