İngiltərənin “Mançester Yunayted” klubunun sabiq ulduzu “Neftçi”nin baş məşqçi postuna gətirilir.
Yenicag.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, “ağ-qaralar” Miodraq Bojoviçin gedişindən sonra bu posta norveçli məşhur mütəxəssis Henninq Berqin namizədliyini nəzərdən keçirir.
Futbolçu karyerasına ölkəsinin “Volerenqa” klubunda başlayan 54 yaşlı mütəxəssis 3 il bu klubun şərəfini qoruduqdan sonra “Lillestrom”a transfer olunub. Uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən Henninq Berq daha sonra İngiltərənin “Blekbern” komandası ilə müqavilə bağlayıb. 4 il bu klubun əsas sağ cinah müdafiəçisinə çevrilən Berq 1997-ci ildə həmin vaxt rekord məbləğ sayılan 5 milyon funt sterlinqə “Mançester Yunayted”ə transfer olunub. O, “Qırmızı şeytanlar”la iki dəfə ölkə çempionu (1999, 2000), İngiltərə Liqa Kubokunun və Çempionlar Liqasının (1999) qalibi olub.
Mütəmadi olaraq Norveç milli komandasına da dəvət alan Berq yığmanın heyətində 100 oyun keçirib və 9 qarşılaşmada fərqlənməyi bacarıb.
Baş məşqçi karyerası da uğurlu olan Berq çalışdırdığı “Omoniya” klubu ilə ölkə çempionu (2020/2021) və Kipr Superkubokunun qalibi (2021/2022) adını qazanıb. O, Kipr təmsilçisini 2 dəfə avrokubokların qrup mərhələsinə çıxarmağa nail olub. Bundan başqa, Berq 2013/2014 mövsümündə Polşanın “Leqiya” klubu ilə çempionluq sevinci yaşayıb. Bir il sonra bu klubla Polşa kubokunun sahibi olub.
H.Berq son olaraq 2023/2024 mövsümündə İsveçin AİK klubunu çalışdırıb.
www.yenicag.az