“Səhnə ilə toyxananın yeri səhv düşüb” – son vaxtlar bu fikir peşəkar bəstəkarlar və eləcə də musiqiçilər tərəfindən tez-tez səsləndirilir. Onlar toyxanalarda ifa olunan bayağı mahnıların efir məkanına ayaq açmasını sərt tənqid edərək bunu insanların, xüsusən də yeni nəslin zövqünün formalaşmasına kəskin zərbə kimi dəyərləndirirlər.
Yenicag.az-a açıqlama verən tanınımş bəstəkar, Əməkdar artist Vüqar Camalzadə hesab edir ki, bayağı musiqilərin efirlərdə səsləndirilməsi müəyyən səbəblərə bağlıdır.
O, ilk növbədə, taaşaçı tələbatını önə çəkib:
“Bu gün əgər efirlərdə o cür bayağı musiqilər səslənirsə, deməli, onun da tamaşaçısı var. Tamaşaçı tələbatı olmadan o musiqilər səslənməz. Amma o cür musiqilərin özəl və yaxud da regional kanalda səsləndirilməsi yaxşı hal deyil. Peşəkar musiqiçi olaraq istərdim ki, millət daha zövqlü musiqilər dinləsin. Burada kanalların reytinqi də rol oynayır, buna görə onları da qınamaq olmur. Amma dövlət kanallarında, təbii ki, yüksək səviyyəli musiqilər təbliğ olunmalıdır. Çünki bu kanallar dövlətin siması və dövlətin təbliğ etdiyi istiqamətdir. Bu istiqamət, təbii ki, ən yüksək səviyyədə olmalıdır. Yüksək səviyyəli filmlər, verilişlər və musiqilər nümayiş olunmalıdır”.
Bəstəkar çıxış yolunu cəmiyyətin maariflənməsində gördüyünü qeyd edib:
“Bütün dövrlərdə həm saray musiqisi olub, həm də əyalət musiqisi. Əyalət musiqisi həmişə saray musiqisindən qat-qat aşağı səviyyədə olub, lakin daha çox tamaşaçısı kütləsi ilə seçilib. Keyfiyyətli musiqini dinləmək üçün gərək o zövqə gəlib çatasan.
Bunun üçün də, ilk növbədə, cəmiyyət maariflənməlidir. Söhbət yalnız bizim cəmiyyətdən getmir. İstənilən cəmiyyət maariflənərsə, o zaman hər bir sahədə zövq də formalaşar. Zövqü formalaşan insan artıq yüksək keyfiyyətli filmlərə, veilişlərə baxmaq, musiqilər dinləmək istəyir. Bu da kompleks bir prosesdir, bir-iki günün işi deyil”.
Cəvahir
www.yenicag.az