Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncənin görməli yerlərindən biri olan “Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşüblər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Xan bağı”nın simasının tamamilə dəyişdiyi barədə məlumat verilib.
Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox olan “Xan bağı”nda aparılan yenidənqurma işləri ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib. Burada fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb.
“Xan bağı” bitki florasının zənginliyinə görə bütün ölkədə məşhurdur. Ağacların növ tərkibi yerli cinslər hesabına artırılıb. Daxilində xiyabanlar salınıb, yay teatr binası, müxtəlif istirahət guşələri yaradılıb. Parkın yaraşıqlı yerlərindən biri də onun mərkəzində yerləşən əzəmətli çinar xiyabanıdır. Cərgələnən çinarlar arasında su hovuzları və fəvvarələr quraşdırılıb.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
www.yenicag.az