!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Mənim üçün əsas məsələ peşəkar insanlarla çalışmaqdır" - MOİK-in baş məşqçisi

!Reklam – Yazi

Mövsümün başa çatmasına 4 tur qalmış futbol üzrə Azərbaycan çempionatının birinci divizionundan Premyer Liqaya vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.

Bu uğura ikinci dövrədə keçirdiyi 9 görüşün hamısında qələbə qazanan MOİK imza atıb.

Yenicag.az-a müsahibə verən “hərbçilər”in baş məşqçisi Azər Bağırov suallarımızı cavablandırıb:

– Əvvəla, Premyer Liqaya vəsiqə qazanmağınızla bağlı fikirlərinizi bilmək maraqlı olardı…

– Əlbəttə ki, çox böyük yol keçdik. Bizim üçün həm çətin, həm də rəngarəng oldu. Məşqçi kimi öz karyeramda yeniliklərlə qarşılaşdım. Gənc futbolçularla təcrübəli oyunçuların sintezi, limit dəyişikliyi çox çətin idi. Bacardığımız qədər işimizin öhdəsindən gəlməyə çalışdıq. Buna baxmayaraq, son 4 turda işimiz çoxdur. Komandamız ikinci dövrədə 9 oyundan 9 qələbə əldə edib. Son oyunda yumuşalmalar hiss etdik. İstənilən halda, MOİK yeni mövsümdə Premyer Liqaya vəsiqə qazanmaqla adını ölkə futbolunun tarixinə yazdırmağı bacardı.

– Daha öncə də birinci divizionda “Qaradağ Lökbatan”ı çalışdırmısız. Bu dəfə çempionluğun bir addımlığındasınız. Qazanılan uğuru nəyə borclusuz?

– Hər bir iş yeri məşqçinin karyerasında izlər buraxır. İlk dəfə olaraq baş məşqçi kimi “Qaradağ Lökbatan”da çalışdım. Bu, mənim üçün böyük təcrübə oldu. Yaratdığı şəraitə görə də klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Mənim üçün ilk növbədə kollektivdə səmimi ortamı yaratmaqdır. Bu gün MOİK-də də eyni ab-hava var. Bunu futbolçular da təsdiqləyə bilərlər.

– Demək olarmı ki, əvvəlki illərə nisbətən bu mövsüm çempionatın səviyyəsi bir qədər aşağı düşüb?

– Bu gün hansısa enişdən danışmaq istəməzdim. Ümumilikdə divizionda yeni-yeni futbolçular tapdıq. Yeni iş prinsipi ilə çalışdıq. Gənc futbolçuların təcrübəli oyunçularla mübarizə aparması nəyə desəz, dəyər. Üstəlik, 2001-ci il təvəllüdlü oyunçuların meydanda olmasının üstün cəhətləri var. Sözsüz ki, bu da onların inkişafına böyük təkan olacaq.

– Baş məşqçisi olduğunuz klub elitaya vəsiqə qazansa da, MOİK-in Premyer Liqada iştirak edəcəyi sual altındadı. Bu istiqamətdə hansı işlər görülür?

– İnanın o qədər öz işimizə başımız qarışıqdır ki, bu məsələ ilə bağlı hazırda məlumatım yoxdur. Yəqin ki, klub rəhbərliyindən bu sualınızı cavablandırarlar. Təbii ki, MOİK-in öz dəsti-xəttini elitada göstərməsini istərdim.

– Bundan sonrakı planınız nədən ibarətdir?

– Bundan sonrakı işimiz əvvəlkindən daha çətin olacaq. Bütün bacarığımızı ortaya qoyub, liderliyi əlimizdən buraxmamaq şərtiylə, yola davam etməliyik. Qarşıda hələ 4 tur var.

– Əgər MOİK lisenziyalaşdırma işinin öhdəsindən gələ bilməsə, hansı addımı atacaqsız?

– MOİK Premyer Liqaya çıxmasa, iddiası olmasa, yeni təklif gələrsə, bu barədə düşünmək olar. Məşqçinin çemodanı hər zaman yanında olur. Heç vaxt bir yerdə dayanmaq olmaz. Fikrimcə, qısa müddətdə gördüyümüz iş çoxlarının nəzərində idi. Bu gün bizim etdiyimiz yəqin ki, kimlərsə tərəfindən dəyərləndirilib.

– Azərbaycanda klub sayının az olduğunu nəzərə alsaq, təklifin gələcəyi nə dərəcədə real görünür?

– Həqiqətən də vurğuladığınız məsələ çox ağırdır. Amma mən optimist insanam və yaxşı olacağına inanıram.

– Belə düşünmək olarmı ki, hədəfiniz Premyer Liqa klublarında çalışmaqdan ibarətdir?

– Mənim üçün əsas məsələ peşəkar insanlarla çalışmağımdır. Nə qədər peşəkar, savadlı insanlarla iş birliyində olarsansa, daha da irəli gedə bilərsən. Uzun müddətli iş də vacibdir. Hər bir iş ola bilər. Aşağı yaş qrupu, birinci dəstədə çalışmağımın fərqi yoxdur. Önəmli olan uzunmüddətli işdir. Belə olan halda uğur qazanmaq qaçılmazdır.

– Premyer Liqa klublarında məşqçilərlə uzun müddətli çalışanlara çox nadir hallarda rast gəlinir. Dediyiniz məsələ daha çox aşağı yaş qrupu üzrə milli komandalarda real ola bilər. Nəzərə alaq ki, daha öncə də millidə çalışmısız. Yenidən AFFA-dan təklif gəlsə, münasibətiniz necə olar?

– Təbii ki, Premyer Liqada nəticə vermədən çalışmaq çətindir. Nəticə olmasa, sənə qapını göstərəcəklər. Milli komandada nəticə vermədən çalışmaq da doğru deyil. Amma mən öz gücümə, bacarığıma inanıram. Yeni-yeni səhifələrə açığam. Bu gün AFFA-da görülən işlərdən biri də klublarda aşağı yaş qruplarının yaradılmasıdır. “Leon” kimi müstəqil klubların olması da önəmlidir. Yeni-yeni meydançaların salınması, liqaların təşkili gələcək üçün böyük siqnaldır. İnanıram ki, üzümüzə gələn 5 ildə Azərbaycan futbolunda yeni-yeni simalar yetişəcək.

– Dediklərinizin əksini düşünənlər də var. Bu məsələdə də ən çox AFFA-nın baş katibi Elxan Məmmədov günahlandırılır…

– Hər yerdə fikirlər müxtəlif ola bilər. Amma bu gün Azərbaycanda yetərincə savadlı məşqçilər yetişməkdədir. Məşqçi kurslarının keçirilməsində, onların savadının artırılmasında AFFA-nın rolu danılmazdır. Ümumilikdə, futbolçunun yetişməsində məkan, məşqçi amili önəmlidir. Yəqin ki, üzümüzə gələn 5 ildə Azərbaycan futbolunda yeni səhifələr açılacaq. Uşaq futbolunda savadlı məşqçilərin olmaması işimizi çətinə sala bilər. Bizim futbolun bir bəlası var ki, uşaqlar 15-16 yaşında itirlər. Fikrimcə, savadlı məşqçilərin üzə çıxması ilə bu problem də aradan qalxmış olacaq.

Emin Səfərov

COP29

www.yenicag.az

4849
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv