“Pandemiya dövründə müəllimlərin əməkhaqqından tutulan vergilər azaldıla bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında pandemiyanın yaratdığı mövcud sosial-iqtisadi durumda mənzil şəraiti ağır olan tələbə və müəllimlərə sosial dəstəyin zəruriliyi haqda danışan təhsil eksperti Qoşqar Məhərrəmov deyib.
Qoşqar Məhərrəmovun fikrincə, sosial vəziyyəti qənaətbəxş olmayan müəllim və tələbələrin kommunal xərclərdən müvəqqəti azad olunmalarına ehtiyac var:
“Ölkəmizdə müəllim və tələbələrin sosial statusunu müəyyən etmək çox çətindir. Çünki kimlərin kirayə qaldığını rəsmi şəkildə müəyyən edən kirayə müqavilələri demək olar, mövcud deyil.
Yəni kirayə qalanla kirayə verən arasında tələb olunan müqavilə imzalanmır. Ümumilikdə isə maddi imkanı aşağı olan müəllim və tələbələrin kommunal xərclərinin bir və ya iki aylıq azaldılması müsbət addım ola bilər. Belə ki, həmin tələbələr həqiqətən, kirayədə qalır, müəllimlərin isə şəxsi evi yoxdur. Bu addım müəllim və tələbələr üçün böyük dəstək olardı”.
Qoşqar Məhərrəmov bildirib ki, pandemiya dövründə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı qərar verilsə də, tətbiq olunan prosedurlar bir çox tələbələr üçün müəyyən çətinliklər yaradır:
“Yardım üçün müraciət edən tələbələr sənədlərin toplanması zamanı bir sıra çətinliklərlə üzləşirlər. Ona görə də sözügedən tələbələrin dövlət dəstəyindən yararlanması üçün aidiyyatı qurumlar maarifləndirmə işini daha dolğun şəkildə həyata keçirməli və qurumun nümayəndələri həmin tələbələrin müraciətlərinin qeydə alınması üçün kömək etməlidirlər”.
Gülşən Şərif
www.yenicag.az